"Rusiya ilə bağlanmış mütəffiqlik bəyannaməsinin iqtisadi tərəflərilə bağlı gözləntilər nədir?
Əslində bu suala cavab vermək üçün sənədi imzalayan tərəflərin bir-birinin iqtisadiyyatında hazırda dayandığı yerə baxmaq lazımdır.
Azərbaycanın idxalatının hər 5 dollarından 1 dolları Rusiyadan alınan mallardır - yəni idxalımızın 20%-i bu ölkədən formalaşır.
Amma Rusiyanın idxalında bizim payımız 0,3%-dən də azdır.
Qeyri-neft kanalları ilə hər 3 dollarlıq ixrac mallarımızın təxminən 1 dolları Rusiyaya gedir. Rusiyanın qeyri-resurs ixracatında isə Azərbacan bazarının payı 1% ətrafındadır".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, qarşılıqlı xarici ticarət aspektindən baxsaq, bizim Rusiyadan asılılığımız çox yüksək, Azərbaycanın isə Rusiyanın xarici ticarətin payı nəzərə alınmayacaq dərəcədə kiçik rəqəmlərlər ifadə edilir: "Bu əlaqələrin genişlənməsi perspektivi nə qədərdir? Azərbaycanın qeyri-neft ixracı maksimum 10 məhsul seqmenti üzərində qurulub. Onların başında kənd təsərrüfatı və qida sənayesi məhsulları gəlir. 2021-ci ildə bu seqment üzrə bütün ixracatın (təxminən 816 mln. dollar) 71%-i (580 mln. dolları) Rusiyaya gedib. Öz növbəsində, Rusiyaya ixracatın da 65%-i bu məhsulların payına düşür".
R.Ağayev vurğuladı ki, Azərbaycanın özünün hazırda kənd təsərrüfatı və qida sənayesi məhsullarından yüksək asılılığı nəzərə alınsa, bu məhsullar hesabına Rusiya bazarına ixracatın genişlənməsi perspektivi o qədər də real görünmür: "Ən azından yaxın 3-4 ildə. Amma hətta bu potensial genişlənsə belə, ixracın coğrafi şaxələnməsi son dərəcə vacibdir. İstər ayrıca bir məhsul seqmentinə, istərsə də bütövlükdə ixraca münasibətdə bir bazardan bu qədər yüksək asılılığı (71%) son dərəcə risklidir. Məsələn, Rusiya ətrafında hazırkı geopolitik gərginliyin uzun müddətli olacağı, ölkədə iqtisadi böhranın dərinləşəcəyi halda ixrac baxımından Rusiyadan asılı ölkələr də onun neqativ təsirlərini hiss edəcəklər.
Qida və kənd təsərrüfatı məhsulları istisna olmaqla Azərbaycanın qeyri-neft ixracının 50%-ə qədərini təşkil edən metallurgiya və qeyri-üzvi kimya məhsulları üzrə isə bilavasitə Rusiya özü əsas ixaracatçı ölkələr sırasındadır. Azərbaycanın qeyri-neft ixracatında 15% payı olan plastmas və kauçuk məhsullarının da 50%-i Rusiya bazarına gedir - bu məhsul seqmentində də bir bazardan asılılıq onsuz da kifayət qədər yüksəkdir.
İqtisadçl Rusiya kapitalının Azərbaycana gəlişini də real görmür: "İqtisadiyyata, o cümlədən qeyri-neft sektorunda mövcud xarici sərmayələrin həcmi və ölkələr üzrə bölgüsü barədə məlumat tapmaq mümkün olmur. Bu səbəbdən ayrı-ayrı mənbələrdə Rusiya mənşəli müəssisəslərin sayı ilə bağlı informasiyalara rast gəlinsə də, onların hazırda ölkədə sahib olduğu ümumi kapitalın həcmi barədə nəsə demək çətindir. Lakin illər üzrə ölkəyə daxil olan xarici sərmayələrdə Rusiyanın payının 3-4% olduğu nəzərə alındıqda, neft-qaz sektorundan kənarda akkumilyasiya olunmuş Rusiya kapitalının kapitalının həcminin böyük olmadığını demək mümkündür. Məsələn, bank sektorunda Rusiya mənşəli kapitalın payı 3% ətrafındadır. Yeri gəlmişkən, Bəyannamədə əksini tapan müddəalara uyğun olaraq bank-kredit təşkilatlarının genişlənməsi perspektivi də çox real görünmür. Ən azından son illərdə 2 bankın timsalında Azərbaycanın bank sektorunda Rusiya mənşəli kapital böyümə meyli nümayiş etdirməyib.
Azərbaycanın remitans axınları baxımından Rusiyadan böyük asılılığı var. Miqrantarın pul köçürmələrinin ən azı 70%-i şimaldan gəlir.
Nəhayət, vacib məsələlərdən biri qaşılıqlı hesablaşmalarda milli valyutadan istifadə təşbbüsüdür. Azərbaycanın Rusiya ilə xarici ticarətində böyük defisit var - təxminən 1 mlrd. dollar. Bu baxımdan əgər qarşılıqlı ticarət milli valyutalar üzərindən aparılarsa, qarşılıqlı hesablaşmalar üçün Azərbaycana daha böyük həcmdə rubl kütləsi lazım olacaq, nəinki Rusiyaya Azərbaycan manatı. Volatilliyi yüksək olan, yaxın perpektivdə volatillik riski daha yüksək olacaq, dönərli olmayan xarici valyuta ilə mübadilə aparamq nə ixracatçılar, nə də idaxalatçıların daimi tələbatını qarşılamaq üçün kassalarında müntəzəm böyük həcmdə həmin volatil valyutanı saxlamağa məcbur qalan banklar üçün iqtisadi baxımdan səmərəlidir."
R.Ağayev onu da diqqətə çatdırdı ki, Rusiya böyük bazardır, amma riskli bazardır: " Qonşu bazarın imkanlarından maksimum bəhrələnmək lazımdır. Lakin əsas hədəf ixrac bazarlarının da maksimum coğrafi olaraq şaxələndirilməsidir. Hədəf belə olmalıdır: heç bir məhsul seqmentində bir bazardan asılılıq 25-30%-i ötməməlidir. İstər geopolotik, istər gözləniıməz təbiət hadisələri, istərsə də dövri iqtisadi böhranlarada asılı olduğunuz ölkənin üzləşdiyi problem sizi də batıra bilir".
SİTAT.İNFO