Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Sitat.info Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə məhkəmə prosesi qapalı keçirilib. Prosesə sədrlik edən hakim Eldar İsmayılov bu dəfə səbəb göstərmədən jurnalistləri zaldan çıxarıb.
Bugünkü iclasda müdafiə tərəfi vəsatət qaldıraraq zərərçəkmişlərin zala bir-bir dəvət olunaraq ifadə vermələrini istəyib. Onlar bunu zərərçəkmiş şəxslərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar. Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra zərərçəkmiş qismində tanınmış Kavə Rövşən dindirilib. Məlumata görə, Kavə Rövşən avtomobil və avtomobil aksessuarlarının satışı ilə məşğul olub. Bu iş üzrə ona 72 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları zəkat qismində verdiyini deyib.
Şahidin sözlərinə görə, Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib. Sonralar isə hər gecə yuxuda onun "İmam Mehdi" olduğunu görüb:
"Nə sual verirdimsə, hamısına mükəmməl cavab verirdi. Sonralar yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi, qiyamət olacaq, yuxuda görürdüm, deyirdi yağış yağacaq, gecəsi yuxuma girirdi. Bundan əlavə, hər dəfə yuxuda bunun imam olduğunu görürdüm. Belə deyək, məni ovsunlamışdı".
İttiham olunan şəxsin vəkilinin "Aqilin hansı qeyri-adi hərəkətini görüb ona inandınız", sualına isə zərərçəkmiş "Nə deyirdisə, yuxuma girirdi", deyə cavab verib.
Təqsirləndirilən şəxs zərərçəkmişin ifadəsini qəbul etməyib. Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmiş qardaşı ilə birgə yığıb: "Özləri yığıb, özləri də paylayıblar".
Proses noyabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.