Ərdoğan bu gün Putin və Əliyevlə nə danışıb? İki mühüm məsələ!

22:55 23 Fevral 2022

"Ərdoğan Əliyevlə, eləcə də, Putinlə telefonda müzakirə aparıb.

Rəsmi informasiyaların yayılma vaxtına baxdıqda Ərdoğan-Əliyev telefon müzakirəsinin Azərbaycan prezidentinin Moskvada olarkən aparıldığını demək mümkündür, çünki prezidentin Moskva səfərinin başa çatmasına dair məlumat telefon müzakirəsi haqda məlumatdan sonra yayılıdı. Ərdoğan-Əliyev, Ərdoğan-Putin telefon görüşünün eyni saatlarda baş tutması da diqqət çəkir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. 

 

Onun sözlərinə görə, telefon trafikində iki ana gündəm var: "Birincisi, Ukraynadır: Bakı və Ankara Rusiya-Ukrayna böhranında vasitəçi olmaq istəyir. Mümkündür ki, Əliyevin Moskva səfərində Türkiyə və Azərbaycanın oynamaq istədiyi rol da gündəmə gətirilib. Ərdoğanın Putinlə müzakirə ilə yanaşı, eyni mövzunu Əliyevlə (telefon söhbətinin Moskvada olduğu istisna deyil) danışması da Bakı-Ankara ikilisinin Ukraynada ən azı müharibənin qarşısını almağa çalışdığından xəbər verir".

Siyasi şərhçi hesab edir ki, problemin həllini tapmaq çətindir, xüsusilə Rusiyanın separatçıları tanımasından sonra: " Hərçənd, Ukraynanın Bakı və Ankaranın vasitəçiliyi ən azı Qərb-Rusiya toqquşmasının poliqonuna çevrilməkdən qurtulmaq, Rusiyanın Ukrayna məsələsini alternativ masalara daşımaq imkanı var".

A. Nərimanlı vurğuladı ki, ikinci mövzu Moskva Bəyannaməsidir: "Rusiya ilə müttəfiqlik sənədinin Türkiyə ilə öncədən razılaşdırıldığına şübhə yoxdur. İstisna deyil ki, Bakı və Ankaranın bu bəyannamənin qarşılığında Rusiyadan Qarabağ, eləcə də Cənubi Qafqazda post-münaqişə dövrünə dair istəkləri var və Ərdoğan Əliyevdən danışıqların detallarını öyrənib, Putinlə atılacaq addımları müzakirə edib".

SİTAT.İNFO



Xəbər xətti