"Bütün dünya Rusiyaya qarşı birləşəcək; Azərbaycan isə.." - Sərdar Cəlaloğlu "müttəfiqlik" sənədindən danışdı

16:49 24 Fevral 2022

Bu gün səhər Rusiyanın Ukraynaya bir neçə istiqamətdən hücumunun gerçəkləşəməsi bütün dünyada Rusiya hökumətinə qarşı nifrət dalğasını gücləndirdi. Bununla yanaşı Qərb dövlətləri də tənqidlərə məruz qaldı. Çünki ötən müddət ərzində onlar Ukrayanaya dəstək verəcəklərini ifadə etsələr də, bu gün ciddi bir hərbi dəstək ortaya yoxdur. Yalnız tətbiq olunacaq sanksiyalar və quru bəyanatlar var. Sosial şəbəkələrdə daha çox “Demokratik Qərb avtoritar Rusiya qarşısında aciz qaldı” cümlələri işlədilir.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, dünya Rusiyaya qarşı birləşəcək və Putinin məğlubiyyəti qaçılmazdır: “Bu yanlış düşüncədir. Demokratik dünya Putin qarşısında aciz qalmayıb. Vaxtilə Hitler də dünyanın yarısını tutandan sonra onu yerinə oturtdular. Məsələ burasındadır ki, Rusiya ilə Avropa xalqlarının, dünya xalqlarının bir-birindən fərqli maraqları var. Dünya o zaman Rusiyaya qarşı birləşəcək ki, Rusiya bu dövlətlərin hamısının maraqlarına zərbə vursun. Bu baxımdan prosesin bu qədər uzanması lazımdır ki, dünya Rusiyaya qarşı birləşsin. II Dünya Müharibəsində də dünya 4 ildən sonra Hitlerə qarşı birləşdi və Hitleri yerində oturtdu. Putinə qarşı da dünyada birləşmə prosesi gedir. Hesab edirəm ki, Putinin bu addımı özünü qorumaq instiktidir. Rusiya dağılmaq ərəfəsindədir”.

S.Cəlaloğlu bildirdi ki, Putin Rusiyanı dağılmaqdan xilas etmək üçün bu cür avantüraya əl atır: “Bu addım Rusiya üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Çünki Ukrayna Avropanın qapısıdır. Bu gün Rusiya Ukrayna ilə yox, Avropa ilə müharibə aparır. Avropa üzərində hərbi-siyasi üstünlük qazanmaq, Azvropanın demokratiyasını məhv eləmək, özünün diktatorluğunu bütün dünyaya yaymaq məqsədi güdür. Bu Çinin də maraqlarına ziddir. Çin heç zaman razı ola bilməz ki, sərhəddində SSRİ boyda bir dövlət olsun və Çini öz təsiri altına salsın. Rusiya öz imperialist maraqlarını həyata keçirərsə, bu Çinin də maraqlarına zərbə olacaq. Çin də bu prosesə qoşulacaq, bütün dünya Rusiyaya qarşı birləşəcək. Bu da Rusiyanın dəhşətli məğlubiyyətinə gətirib çıxaracaq. Müharibə hələ yeni başlayıb. İndiki halda Rusiya sanki qalibdir, sanki onun qarşısında heç bir güc yoxdur. Bir müddətdən sonra tamamilə alternativ proseslərin gedəcəyini görəcəyik”.

Partiya sədrinin sözlərinə görə, burada bizi ən çox narahat edən odur ki, Azərbaycan iri güclərin savaşında mümkün qədər kənarda qalmalıdır: “ Təəssüf ki, Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik müqaviləsi bizim Rusiyanın yanında olmağımıza gətirib çıxarır. Ona görə də, bu müqaviləni qətiyyən ratifikasiya etmək, gündəmə gətirmək olmaz. Rusiyanın işğalçılıq siyasəti başa çatana qədər bu bəyanat həyata keçirilməməlidir. Əks halda Azərbaycan Rusiyanın yanında olacaq, bu da Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana da tətbiq edilməsinə gətirib çıxaracaq. Rusiyaya qarşı başlanan müharibə həm də Azərbaycana qarşı müharibə olacaq. Hazırda dünyada bizim üçün çox ciddi ağır nəticələri olacaq bir proses gedir. Biz əsas diqqəti Azərbaycanın xilas olunmasına yönəltməliyik. Ukrayna müharibəsində isə Amerika və Avropa çox ciddi addımlar atacaq. Tələsmək yox, gözləmək lazımdır”.



Xəbər xətti