"Bu qoca imperiya hamını nefti-qazı ilə şantaj edir" - Rövşən Ağayev Avropanın qaz asılılığından yazdı

18:16 24 Fevral 2022

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropanın enerji təchizatında köklü dəyişiklər yaradacağını proqnozlaşdırmaq olar.

Xam neftlə bağlı problem ciddi deyil - Rusiyanın qlobal təchizatda cəmi 10% pay var. İranın bazara qaytarılması, digər iri istehsalçıların istehsalını artırmaqla Rusiya hesabına yaranan boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər: "Avropa bazarına Rusiya ildə orta hesabla 160-170 mlrd. kub təbii qaz göndərir. Bu Avropanın bütün istehlakının təxminən üçdə biri qədər.

Amma hətta bu münaqişəyə qədər də Avropanın qaz təchizatının strukturunda dəyişiklik baş verməyə başlayıb. Belə ki, 2010-2020-ci illərdə Avropanın qaz idxalında sıxılmış (LNG) qazın xüsusi çəkisi 27%-dən 35%-ə yüksəlib.

Həmin dövrdə ABŞ-ın Avropaya qaz ixracatında ciddi irəliləyiş olub. ABŞ 10 il əzrində özünün qaz idxalını 35% azaltmaqla çox kiçik bir rəqəmə endirə bilib. Amma əvəzində qaz ixracını 4,5 dəfə artırıb. LNG ixracını 50 dəfədən çox artaraq 65 mlrd. kubmetrə qədər yüksəlib. Hazırda Avropanın LNG idaxlında 40% payla ABŞ liderdir.

Bu dövrdə Rusiyanın qlobal qaz təchizatının həcmi isə demək olar ki, dəyişməyib - təxminən 220 mlrd. kub.

Avropanın Rusiyanın qaz asılılığından tam qurtarması üçün təxminən 120 mln. ton LNG tələb olunur. Hazırda 5 aparıcı LNG ixracatçısının (Avstarliya, Qətər, Əlcəzair, ABŞ və Malayziya) ümumi ixracı 300 mln. ton LNG təşkil edir. Orta dövrdə bu ölkələrin əsas ixrac bazarına çevrilməklə Avropanın Rusiyanın enerji hökmranlığından qurtarması real görünür".

İqtisadçı vurğuladı ki, SWIFT-dən qopartmaq da daxil olmaqla,  Rusiyaya qoyulan maliyyə və iqtisadi sanksiyalar da öz təsirini göstərəcək: "Amma Rusiyanın aqressivliyini yalnız onun enerji asılılığına son vermək durduracaq.

Müasir elmi-texnoloji transormasiyada heç bir rolu olmayan bu qoca imperiya hamını nefti-qazı ilə şantaj edir. Ona görə keçmiş rəhbəri Medvedyev dünən Avropaya göz-dağı olmaq üçün "2000 dollarlıq qaza xoş gəldiniz" yazmışdı".

SİTAT.İNFO



Xəbər xətti