Rusiya keyfiyyətli texnoloji məhsullar ala bilmir: Çinin ümidinə qalıb...

16:45 11 Noyabr 2022

"Rusiya Ukraynada işğalçı müharibəyə görə sərt sanksiyalardan əziyyət çəkir. Rusiyalı rəsmilər bu faktı etiraf etməsələr də, iqtisadiyyatda ciddi problemlər mövcuddur. Rusiyanın bilgisayarlara, telefonlara və digər texniki avadanlıqlara ehtiyacı var. Rusiyada bunların istehsalı yoxdur, Qərb ölkələrindən isə ala bilmir.

Rusiya lazımi avadanlıqları Çindən almağa çalışır. Ancaq “Kommersant” qəzetinin yazdığına Rusiyanın Çindən aldığı texniki avadanlıqlar keyfiyyətsizdir. Rusiyanın keçmiş illərdə Çindən aldığı texniki avadanlıqların 2 faizi keyfiyyətsiz idisə, Ukraynada işğalçı müharibə başladıqdan sonra bu rəqəm 40 faizə qalxıb. Çünki Rusiyanın Çindən aldığı texniki avadanlıqların həcmi artıb. Digər tərəfdən texniki avadanlıqların çatdırılmasında lojistik problemlər mövcuddur. Rusiya şirkətləri texniki avadanlıqları birbaşa müəssisələrdən deyil, vasitəçilərdən alırlar. Bu səbəbdən texniki avadanlıqların keyfiyyətini yoxlamaq çətinləşir. İqtisadi ekspertlər Rusiyada keyfiyyətli texniki məhsullara qiymətlərin bundan sonra da artacağını proqnozlaşdırırlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O vurğulayıb ki, Rusiya üzləşdiyi sanksiyalara görə 162 böyük layihədə istifadə edilən idxal məhsullarından imtina edib: " Həmin məhsullar ya Çindən alınır, ya da Rusiyanın özündə istehsal edilir. Ancaq hər iki halda məhsulun keyfiyyətində ciddi problemlər var. Rusiyanın kimya sənayesində də ciddi problemlər mövcuddur.

Bu arada, rusiyalı ekspertlərin Çinin siyasəti ilə bağlı şikayətlər də artıb. Misal üçün rusiyalı ekspert Serkey Markov ölkəsinin Ukraynaya qarşı apardığı müharibə fonunda Rusiyanın yalnız iki müttəfiqi olduğunu bildirib: Belarus və İran. Markov Çinin Rusiyanın “ümidlərini” doğrultmadığını vurğulayıb: “Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Rusiya ilə münasibətlərdə daha səmimidirlər, nəinki Çin. Bu ölkənin rəsmiləri sözdə Rusiyanı dost dövlət adlandırırlar, əməldə isə biz bunu görmürük. Görünür, Pekin ABŞ-ın sanksiyalarından ehtiyat edir. Rusiya Hindistana da etibar etmir. Çünki bu dövlətin də ABŞ-la sıx münasibətləri var”.

Politoloqun fikrincə, Kremlin dost dövlətlərdən gözləntisi budur ki, həmin ölkələr Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləsin: "Ancaq bu mümkün deyil. Rusiyanın dostları və tərəfdaşları da anlayırlar ki, bu işğalçı müharibədir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti