"25 dəqiqədən sonra gələn avtobus sürücüsü “sizdə interval neçə dəqiqədir”-sualına cavab vermir. İkinci sualdan sonra saymazyana “bilmirəm” deyib, enerji içkisini başına çəkir. Bitirəndən sonra boş qabı dayanacağın qarşısına çırpır, şaqqıltısından bütün sərnişinlər diksinir. “Ay sürücü, o tullantını niyə ora atdın”-sualına iki dəfə “zor elədim” cavabını verir!
Hamı şokda! Bəs BNA? Bəs 40 saylı marşrut şirkətinin rəhbərliyi? Bu özbaşınalıqlara nə vaxt son qoyulacaq?".
Bu sözləri sosial şəbəkə istifadəçilərindən biri yazıb.
Şikayətçi yazır ki avtobusda iynə atsan, yerə düşməz, səbəb isə gecikmədir: "Camaat dözür və indi də sərnişinləri belə təhqir etdirirsiniz?! Şübhəsi olan varsa, dayanacağın yerini deyim, enerji içkisinin qabını da yerindəcə görsünlər. Sürücünü isə çətin ki, müayinəyə aparsınlar".
SİTAT.İNFO məsələ ilə bağlı BNA sözçüsü Mais Ağayevə müraciət edib.
O açıqlamasında bildirib ki, bu şikayət nəzarətə götürülüb: "Bu paylaşımı görmüşəm və məsələ nəzarətə götürülüb. Bununla bağlı ”Çinar-Trans” MMC qarşısında məsələ qaldırılıb. Sürücünün qeyd olunduğu tərzdə davranışı əlbəttə ki doğru deyil və belə hallar yolverilməzdir".
M.Ağayev qeyd edib ki, intervallar müxtəlif səbəbdən, o cümlədən yoldakı nəqliyyat şəraitindən aslı olaraq yubana bilər, bunu istisna etmirik: " Amma səbəb nə olursa olsun sürücü bunu etik formada sərnişinlərə bildirməlidir".
Səid,
SİTAT.İNFO