İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
SİTAT.İNFO xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
İşsizlikdən sığorta ödənişi təyin edildiyi hallar:
Dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə, digər hüquqi şəxslərdə çalışanlar isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq işdən azad edildikdə və azı 1 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər.
İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 təqvim ayından çox olduqda sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50%-i məbləğində, 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta staji olan əmək qabiliyyətli şəxslərə isə minimum məbləğdə ödənilir.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi məbləğində işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər.
Bu linkə daxil olmaqla İşsizlikdən sığorta ödənişi barədə ətraflı məlumat ala bilərsiz.