Müharibə veteranlarına verilən 80 manatın 2023-cü ildə artırılması gözlənilir.
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O vurğulayıb ki, bunu hələ ki adını çəkmək istəmədiyi deputat deyib: "Onun açıqladığı məlumat ondan ibarətdir ki, bu rəqəm iki dəfə artırılacaq, 160 manat olacaq. Yəqin ki, dövlət başçısı təsdiq etdikdən sonra bu qərar qüvvəyə minəcək.
Ancaq mən də hesab edirəm ki, 160 manat heç yaşayış minimumunu da ödəmir. Hər bir halda 80 manata baxanda yaxşıdır. Bu vəsait kommunal xərclər və sair kimi xırda ehtiyaclar üçün müharibə veteranlarına dəyərli bir dəstəkdir".
Hərbi ekspert qeyd etdi ki, bu vəsaiti büdcə üçün yük hesab etmək yanlış yanaşmadır: "Bəzi dostlar deyirlər ki, büdcə üçün ağır yükdür. Ancaq mən belə hesab etmirəm. O qədər xeyirsiz, faydasız qurumlar var ki, büdcədən hər il külli miqdarda vəsait dağıdırlar. Ölkənin, vətənin təhlükəsizliyi uğrunda canını qoyan şəxslər üçün bu azdır ki, çox deyil. 160 manat elə də böyük pul deyil. Hətta 80 manatı da onlara çox görənlər var. Bu veteranların bəziləri heç yerdə işləmirlər, 80 manatla minimal ehtiyaclarını ödəyirlər. Hər şey bahalaşıb, o baxımdan bu vəsaitin artırılması vacibdir. Büdcəni əlavə yükdən azad etmək üçün müəyyən qurumları yarıbayarı ixtisar etmək lazımdır. Orada hazıryeyənlər ordusu var. Onlar ixtisara salınmalıdır və müharibə veteranlarının müavinətləri qaldırılmalıdır".
Nərgiz ,
Sitat.info