Azərbaycanda şirkət rəhbəri əcnəbinin 3,5 milyon manatını mənimsəyib

13:01 5 Dekabr 2022

"Kat Holdinq" MMC-nin rəhbəri əcnəbinin 3,5 milyon manatını mənimsəyib.

Bu barədə Sitat.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmiş "Kat Holdinq" MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğlunun Cinayət Məcəlləsinin (CM) 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğlunun CM-nin 179.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Elçin Ələkbərova Litva vətəndaşı Povilas Pociusa məxsus 3 520 763 manat (2 070 745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən "Kat Holdinq" MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1 900 128,68 manat məbləğində pul vəsaitinin 1 569 404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub və hazırda dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

"Tərəfimizdən bildirilir ki, qeyd olunan cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxslərinin həmin cinayət əməllərinin törədilməsində iştirakı, eləcə də Agentliyə məxsus pul vəsaiti və ya əmlakın ələ keçirilməsi halları müəyyən edilməyib", - məlumatda qeyd edilib.



Xəbər xətti