Kiyevi ala bilməyən Putin sui-qəsd ssenarisini işə salır ŞƏRH

10:53 28 Fevral 2022

"Zelenski Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını deyib və qeyd edib ki, “İngiltərə baş naziri müttəfiqləri ilə birlikdə müdafiəni təşkil etmək üçün əlindən gələni edəcək”.

Rəsmi Kiyev Qərbdən gözlədiyi silah yardımını, xüsusilə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin verilməsini tezləşdirmək istəyir: müharibənin gedişi haqda məlumatlar da göstərir ki, mövqe döyüşlərində işğalçılara keçid verməyən Ukrayna ordusunun çətinliyi hava əməliyyatlarındadır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, Ukraynanın zəif nöqtələrini bilən Rusiya bu müddətdə hücumlarını, xüsusilə bombardmanı gücləndirə bilər: 

"Birincisi, hücumun beşinci günündə Putin generallarından ciddi nəticə tələb edir.  İkincisi, Ukraynanın Qərbin verəcəyi silahlarla müdafiənin boşluqlarını doldurmasına imkan verməməyə çalışacaq.  Üçüncüsü, mümkün danışıqlar masasında üstün mövqe əldə etmək istəyir.  Hücumda istədiyi nəticəni əldə edə bilməyən Moskvanın şərtlərinin Kiyev tərəfindən qəbul edilməsi mümkünsüz görünür, əslində Zelenskinin dediyi “həlledici 24 saat” da bununla bağlıdır, çünki Putin danışıqlardan sonra hücumun təzyiqini daha da artıracaq; istisna deyil ki, Ukrayna tərəfi cəbhədə müdafiəni gücləndirmək məqsədlə danışıqları uzatsın". 

Bunun fonunda “Times” nəşrinin yaydığı məlumat diqqət çəkir: Putin “Vaqner” qrupunun 400 üzvünü Zelenski və Ukrayna hökumətinin bəzi nümayəndələrini öldürməsi üçün hərəkətə keçirib;

A.Nərimanlı hesab edir ki, Putin sui-qəsd planını işə salır: Mövcud vəziyyətdə bunun Qərb mediasının iddiası olduğunu demək çətindir, çünki Putinin Ukrayna hakimiyyətini dəyişmək planında bu variantın da olduğu istisna deyil: hücumun beşinci günündə də Kiyevin müdafiəsini yara bilməyən və yarmaq imkanı getdikcə çətinləşən Rusiya sui-qəsd ssenarisini işə salır".



Xəbər xətti