Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb.
Sitat.info xəbər verir ki, Səfirliyin məlumatına görə, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Bildirilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb.
“Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra, səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub.
İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apelyasiya iclası istisna olmaqla) iştirak edib.
Hazırda, müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır.
Səfirlik, məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir”, - qeyd olunub. (APA)