Rusiyanın iqtisadi çöküşü Azərbaycana təsir edəcək: Çörək bahalaşa bilər...

14:48 28 Fevral 2022

Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür. Rubl sürətlə ucuzlaşır. Hazırda hər kəsi düşündürən sual budur ki, mövcud vəziyyət və proseslərin bu istiqamətdə  davamı Azərbaycana necə təsir edəcək?

SİTAT.İNFO xəbər verir ki, mühüm sualları iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. 

1) Rublun dəyərdən düşməsi nə qədər davam edə bilər? – Rubl və Rusiyanın səhm bazarı “sərbəst enişdədir”, çox böyük dalğalar olacaq, siyasi xəbərlər məzənnəyə yön verəcək. Əgər atəşkəs imzalansa, müəyyən dərəcədə gərginlik azalsa, rubl və səhm bazarı da sabitləşəcək,

2) Rublun düşməsi manata da təsir edəcəkmi, manat bununla bağlı ucuzlaşa bilərmi? – Yox, birbaşa heç bir təsiri yoxdur, manat “kağız neftdir”, neftin qiyməti də bahadır, bu anlamda manatı dəstəkləyən vəziyyətdir.

3) Rusiya-Azərbaycan ticarət dövriyyəsinə təsirlər olacaqmı? – Mümkündür, əsas problem pul köçürmələrlə bağlı ola bilər, ticarət dövriyyəsi isə az deyil, 3,3 mlrd. dollar civarındadır, amma ən maraqlı məsələ buğda qiymətləri ilə bağlı ola bilər, çox güman, buğda bahalaşacaq, Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq, deməli Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, o cümlədən Rusiya da qiyməti qaldıracaq.

4) Rusiyanın iqtisadi zəifləməsi, rublun çökməsi başqa necə təsir edə bilər? – Rusiyada yaşayan yüzminlərlə soydaşımızın qazancları azalacaq, deməli Azərbaycana, öz ailələrinə göndədikləri pullar da kəskin azala bilər ki, bu da ölkəmizdə onminlərlə ailələin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq.

5) Azərbaycan bu sanksilayardan başqa nə itirə bilər, buna hazırdımı? – İtkilərlə yanaşı qazanclar da ola bilər, hər şey hökumətin davranışlarından asılı olacaq. Amma Rusiyada vəziyyət gərginləşsə oradan soydaşlarımızın vətənə köçü ola bilər – buna ölkə hazır deyil. Çünki işsizlik, rəqabətsizlik var, ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil, hətta sistem buna yararsızdır.

SİTAT.İNFO



Xəbər xətti