3 uşaq anasını bıçaqlayan 15 yaşlı oğlana hökm oxundu

15:44 14 Dekabr 2022

Bu il iyulun 5-də Səbail rayonunda özündən 11 yaş böyük olan sevgilisini bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İsmayıl Cəlilova (ad və soyad şərtidir) hökm oxunub.

"Sitat.iinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesin yekununda 15 yaşlı oğlana 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

İttihama görə, 15 yaşlı İsmayıl sevgi münasibətində olduğu Dilşadı (şərti) qısqanclıq zəminində bıçaqlayıb. Yeniyetmə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş açılıb. Məlum olub ki, ailəli, 3 uşaq anası olan Dilşadın qonşuluqda yaşayan yeniyetmə ilə münasibəti yaranıb və onlar gizli sevgi yaşayıblar. Mütəmadi yazışsalar da, sonradan Dilşad İsmayılın göndərdiyi mesajlara cavab verməyib. Bu səbəbdən də yeniyetmə onun yaşadığı evə hücum edərək qapını təpikləyib. Dilşad evdən çıxmadıqda, o, qadını küçədə gözləməyə başlayıb. Bir qədər sonra Dilşad xalası ilə evdən çıxaraq mağazaya getdikdə İsmayıl hücum edərək onu bıçaqlayıb. 26 yaşlı qadın ağır xəsarətlər alıb və çoxlu qan itirib.

Məhkəmədə İsmayıl Dilşadla intim münasibətdə olduğunu bildirsə də, qadın bunu inkar edib. O, ifadəsində bunları deyib: “2020-ci ildə bir məhəllədə yaşadığım və yetkinlik yaşına çatmayan İsmayılla tanış oldum və dostluq etmişəm. 2022-ci il iyunun 25-də o mənə mesaj yazıb “sevgilim” deyə müraciət etdikdə İsmayıla yalnız dost olduğumuzu bildirdim. O isə buna baxmayaraq, görüş təklif etməkdə israr edirdi, mən  etiraz etdiyimdən mübahisə yarandı. Məni “görüşməsən, səni vuracağam” kimi mesajlar yazmaqla hədələyirdi. 2022-ci il iyulun 05-də, saat 09 radələrində yaşadığım evin qapısı İsmayıl tərəfindən təpiklə döyülərkən uşaqlarım ona mənim evdə olmadığını bildirdilər və o uzaqlaşdı. Bir qədər sonra xalam bizə qonaq gəldi və bərabər paltar mağazasına getdik. Mağazadan çıxanda İsmayıl söyüş söyə-söyə arxadan bizə yaxınlaşdı və əlində olan bıçaqla məni vurdu. Telefonumdakı mesajları saxlamamışam. Ərim əhvalatı eşidərkən məni döyərək burnumu sındırdı və məndən boşandı. İsmayılla barışmamışam”.

 

/Qafqazinfo


 



Xəbər xətti