Rusiya iqtisadiyyatı batacaq: Putin nələri səhv hesablayıb? Qubad İbadoğlunun şərhi

10:53 2 Mart 2022

"Son günlər hər dəfə sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərindən yazanda bir qrup müttəfiq sevdalılar şərh verirlər ki, siz bunları bilirsinizsə, deməli Putin çoxdan bilirdi və hər şeyi nəzərə alıb, odur ki, Rusiya iqtisadiyyatı sanksiyalara hazırdır, ciddi təsirlər olmayacaq. Lakin  Putin nələri bir çox məqamları nəzərə almadı və bu səbəblərdən Rusiya iqtisadiyyatı çökəcək".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtsadçı alim, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

O Rusiya iqtisadiyyatını çöküşə aparan səbəbləri belə açıqlayıb: "Birincisi, Putin nəzərə almamışdı ki, müharibə 2-3 gündən çox çəkər, bilmirdi ki, Ukraynalılar rus ordusuna qarşı bu qədər cəsurluq nümayiş etdirəcəklər, bütün dünya ukraynanı müdafiə edəcək, Rusiya təklənəcək, hava məkanı, quru və dəniz yolları onların üzünə bağlanacaq. Hazırda minlərlə rus gəmiləri limanlarda, yüzlərlə rus təyyarələri aeroportlarda qalıb. 

İKincisi, Putin Çinin mövqeyini nəzərə almamışdı, Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da ona əməl etmək məcburiyyətindədir. Çünki, əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub, milyardlarla cərimə ödəmək niyyətində deyil.

Üçüncüsü, Putin nəzərə almamışdı ki, Finlandiya bu ərəfədə NAT0-ya, Ukrayna Avropa Birliyinə müraciət edəcək. Əgər bugün Finlandiya parlamenti qərar versə bu ölkəni NATO-ya qəbul edəcəklər və Rusiya ətrafında təhlükəsizlik buferi yarılacaq və ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Rusiya üçün təhlükəsizlik sahəsində status-quo dəyişəcək".

Q.İbadoğlunun sözlərinə görə, Putin həm də onu nəzərə almamışdı ki, Rusiyaya qarşı sanksiyaların miqyası bu qədər böyük, dərəcəsi ifrat sərt olar: "Məsələn, Putin Rusiya banklarının SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərə almamışdı. Çünki, Rus banklarından öncə İran banklarını SWIFT-dən çıxarmışdılar, amma indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Putinin güvəndiyi valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşdü, 1 saatın içində donduruldu, ölkənin malik olduğu 132 milyard dollarıq qızılı da (təxminən 74 milyon troy unsiyası) satmaq imkanı yoxdur. Bu anoloqu olmayan sanksiyadır. Ona görə də rus rublu ABŞ dolları qarşısında müharibə başlayandan rəsmi olaraq 40 faizədək dəyər itirib, indi heç 120 rubla da 1 dollar almaq mümkün deyil".

İqtisadçı alim daha bir neçə nünası qeyd edib: "Putin nəzərə almamışdı ki, 11,6 milyard dollarlıq Şimal axını -2 layihəsini Almaniya dayandırar, çünki, Tramp adminstrasiya dövründə də təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi.

Putin nəzərə almamışdı ki, biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları Alfa qrupun sahibi Mixail Fridman və Rusal sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğunu Financial Timesə də təsdiq ediblər.  Putin nəzərə almamışdı, bəzi mütəffiqlər ikili oyun oynayacaq, ona görə də Putin qalsa da, getsə də mütəffiqlərinin qara günləri başlayacaq.

 Putinin nəzərə almadığı hələ çox şeylər var. Odur ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki, bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa insan bir gün infarkt olur. Onu da bilin ki, müharibə bitməsi sanksiyaların ləğv edilməsi demək deyil, sanksiyaları aradan qaldırmaq uzun prosesdir". 



Xəbər xətti