"Əgər Rusiyadakı azərbaycanlıların geri dönüşü baş versə, bu..." - Musa Quliyev

19:08 2 Mart 2022

"Həm Rusiya, həm Ukrayna uzun illər iqtisadi-mədəni münasibətlərimiz olan dövlətlərdir. Hər iki ölkədə kifayət qədər çox sayda azərbaycanlılar yaşayır. Orada bizneslə məşğul olan, təhlil alan, oranın vətəndaşlığını alıb, həmin ölkələrin ictimai-siyasi həyatında iştirak edən soydaşlarımız var. Xüsusilə də Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır və onların bir çoxu müvəqqəti olaraq oraya işləməyə getmiş əmək miqrantlarıdırlar. Yəni, Rusiyanın vətəndaşı deyillər. O baxımdan bu müharibənin uzanması, Rusiya iqtisadiyyatının çökməsi bu insanların həyatına mənfi təsir göstərəcək. Onların iş yerləri bağlanacaq, gəlirləri aşağı düşəcək,  orada yaşamaq imkanları məhdudlaşacaq və məcbur olub Azərbaycana qayıdacaqlar. Bu da Azərbaycanın əmək bazarında ciddi gərginliyin yaranmasına səbəb ola bilər".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

O bildirib ki, həmin insanlar orada çalışdıqları müddətdə Azərbaycandakı ailələrinə müəyyən pul yardımları göndərirdilər.  Həmin yardımlar kəsiləndən sonra şübhəsiz ki, bu ailələrin də sosial vəziyyətinin də gərginləşməsinə gətirib çıxara bilər: "Amma düşünürəm ki, müharibə tez bitər, çox uzanmaz. Bu zaman oradakı soydaşlarımızın həyatına bir o qədər mənfi təsirləri olmayacaq. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Belə olan halda Rusiya iqtisadiyyatının çökməsi bizim əlaqələrimizin müəyyən qədər zəifləməsinə gətirib çıxara bilər".

M.Quliyevin fikrincə postmüharibə dövründə yeni dünya düzəni və Rusiya ilə münasibətlərin necə  olacağı Azərbaycan  üçün də əhəmiyyət kəbs edir.  Amma biz bilmirik nə qədər davam edəcək, postmüharibə dövründə Ukraynanın bərpası , ümumiyyətlə dünya düzəninin necə formalaşacağı, iqtisadi münasibətlərin hansı şəkildə davam edəcəyi, Rusiyaya qarşı Qərb ölkələri tərəfindən verilən sanksiyaların nə qədər qalacağı bəlli deyil. Ona görə də,  bəri başdan konkret fikir söyləmək olmur. Amma görünən odur ki, bu müharibənin Azərbaycana heç bir müsbət təsiri yoxdur, müharibə uzandıqca, itkilər artdıqca Azərbaycana da mənfi təsirləri olacaq. Ukrayanda yaşayan azərbaycanlıların çıxarılması da çətin prosesdir. Moldova üzərindən, Polşa üzərindən gedənlər var. Onların ölkəmizə qayıtması gözlənilir, çünki qalacaq yerləri, sosial təminatları yoxdur. Ancaq Azərbaycan hökuməti bu çətinlikləri qarşılamaq iqtidarındadır. Ancaq əgər Rusiyadakı azərbaycanlıların geri dönüşü baş verərsə, bu ciddi sosial, iqtisadi çətinlik yaradacaq".

SİTAT.İNFO



Xəbər xətti