Qlobal iqtisadiyyatı ciddi problemlər gözləyir: Sanksiyaların iki başı olacaq...

17:17 3 Mart 2022

"Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Qərbin az qala "nüvə silahı" effektli iqtisadi sanksiyaların nəticələri qlobal iqtisadiyyat üçün də problemləri qaçılmaz edir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

O, bildirib ki, Avrozonada istehsalçı qiymətləri indeksi görünməmiş səviyyəyə çatıb, illik bazada 30%-i ötür: " Şübhəsiz ki, bu ilk növbədə dünya əmtəə birjalarında başda enerji daşıyıcıları olmaqla bir sıra sənaye xammalının (xusüsilə metallurgiya məhsulları, plastik məmulatlar və s.) kəskin bahalanmasının nəticəsidir. Qlobal miqyasda yüksək inflyasiyanın uzunmüddətli olması real sektor böhranını qaçılmaz edir. İstehsal xərclərinin artması ilə müşayiət olunan kəskin bahalaşma müəyyən müddətdən sonra istehlak tələbinin azalmasına, o isə zəncirvari olaraq təklifin ixtisarına səbəb olur. 

Məsələn, Yaponiya, C. Koreya, Almaniya və ABŞ kimi bir sıra ölkələrin Rusiya bazarında avtomobildən tutmuş yüksək texnoloji məhsullar istehsalına qədər çoxsaylı fabrikləri bağlaması onların məcmu mal təklifinə, sonda isə gəlirlərinə təsirsiz ötüşmür. Real sektor böhran isə maliyyə institutları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyən kreditorların timsalında maliyyə böhranını doğurur". 

R,Ağayev vurğuladı ki, real sektorun böhranı həm də genişmiqyaslı işsizlik və yoxsulluq demoçk  əkdir: "Bu isə hökumətlərin həm də sosial yükünün artması deməkdir. 

Şübhəsiz ki, dünya iqtisadiyyatının tam 60%-ni formalaşdıran "sanksiya koalisiyası"nın nəhəng resursları qarşısında bu itkilər kiçik görünür və hətta Rusiyanın tam çöküşü müqabilində daha bir qlobal iqtisadi böhran üçün bədəl ödəməyə də hazır görünürlər. Amma qlobal iqtisadiyyatın təxminən 2%-nə sahib olan Rusiya qlobal sanksiyalar nəticəsində istifadə edə biləcəyi resursların az qala üçdə ikisinin istifadəsiz hala gələdiyi indiki şərtlərdə bu böhranı qaldıracaq gücdə deyil".



Xəbər xətti