"Rusiya prezidentinin hövsələsi çatmadı ki, ölkəsi üçün milyardlarla dollara başa gələn “Şimal axını-2” boru xətti çalışmaya və bu boru xətti ilə qazın Almaniyaya ötürülməyə başlasın, bundan sonra Ukraynaya hərbi müdaxilə planını reallaşdırsın. Hazırki vəziyyətdə Almaniya istəsə belə “Şimal axını-2” boru xətinin çalışmasına icazə verməyəcək. Almaniya Rusiya qazından asılılığını azaltmağa başlayıb".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu arada, Emmaneul Makron ikinci dəfə prezidentliyə namizədliyini irəli sürüb: "O son günə qədər namizədliyinin irəli sürülməsini ləngidirdi. Makron prezident seçilmədən öncə çoxlu vəd vermişdi, vədlərini yerinə yetirə bilmədi, Fransa iqtisadiyyatını söz verdiyi kimi inkişafa yönəldə bilmədi. Ancaq nə qədər qəribə səslənsə də, Rusiyanın Ukraynaya başlayan hərbi müdaxiləsi Makronun prezident seçkisində şansını artırır. Birincisi, Makron əlindən gələn etdi ki, müharibə başlamasın, Moskva və Kiyevlə daima təmasda oldu. Makron nəticə əldə etməsə də, Fransa ictimaiyyəti Makronun fəallığını müsbət qiymətləndirdi. İkincisi, Makron növbəti prezident kampaniyası zamanı müharibəni əsas gətirərək yalnız Fransanın deyil, digər Avropa ölkələrinin iqtisadiyyatlarının da ağır günlər yaşadığına istinad edəcək.
Fransada prezident seçkisinin birinci turu aprelin 10-da, namizədlər kifayət qədər səs toplamasalar ikinci tur aprelin 24-də keçiriləcək. Namizədlərin siyahısı martın 7-də elan ediləcək".