Vardanyan sadəcə vəzifədən, yoxsa Qarabağdan getməlidir? - RƏY

17:57 22 Fevral 2023

Bu gün Azərbaycan tərəfinin Rusiyadan əsas tələblərindən biri sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə Ruben Vardanyanın mövcudluğuna son qoyulmasıdır. Eyni zamanda Ermənistan tərəfindən də adekvat tələblər var. Səbəb isə odur ki, Rusiyanın gələcək planlarında Ermənistanda hakimiyyət dəyişikliyi və Vardanyanın ölkə rəhbərliyinə təyinatı məsələsi də var. Bəs Vardanyan Qarabağdan gedəcəkmi?

Bu mövzu ilə bağlı Sitat.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Ruben Vardanyanın Qarabağdakı tərəfdarları onun istefasını istisna etmirlər:  "Ancaq onu da əlavə edirlər ki, o Qarabağı tərk etməyəcək. Bu bizim üçün məqbul variantdırmı? Vardanyan istefa verdikdən sonra Qarabağda hansısa “partiyanın” və ya “hərəkatın” lideri seçilə bilər".

Politoloqun fikrincə, bu məsələyə konseptual yanaşmaya ehtiyac var: "Tələbimiz Qarabağda doğulmayanların, ermənilərlə yanaşı digər millətlərin nümayəndələrinin bölgəni tərk etməsi olmalıdır. Çünki Ruben Vardanyan Qarabağda “vəzifəsi” olmadan da Azərbaycana qarşı təxribatlarını davam etdirəcək".

E.Şahinoğlu hesab edir ki, Azərbaycan tərəfi nə Vardanyanı, nə də ki qondarma rejimdə təmsil olunanları Qarabağ icmasınının təmsilçisi olaraq danışıqlarda qəbul etməyəcək: "Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında dedi ki, rəsmi Bakı Qarabağın erməni icması ilə dialoqa hazırdır, ancaq mümkün danışıqlarda icmanı bölgədə doğulan ermənilər təmsil etməlidirlər, “Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq”. Ruben Vardanyan ikitərəfli təzyiq altındadır. Onun Qarabağda fəaliyyəti bölgə ermənilərinə də çətinlik yaradır. Odur ki, Ruben Vardanyanın bölgəni tərk edəcəyi ehtimalı var. Belə olan halda rəsmi Bakı erməni icmasından kim və ya kimlərlə dialoqa keçə bilər? Separatçıların “lideri” Araik Arutunyan Qarabağda doğulub, ancaq onunla da dialoq mümkün deyil, çünki Azərbaycan bu separatçı haqqında cinayət işi açıb, Gəncənin bombalanmasında rolu olduğunu etiraf edib.

Separatçıların keçmiş “xarici işlər naziri”, hazırda Araik Arutunyanın “müşaviri” David Babayan deyib ki, onları rəsmi Bakı ilə danışıqlarda kimin təmsil edəcəyini özləri müyəyənləşdirəcəklər. David Babayanın sözlərinə görə, onların müəyyənləşdirəcəkləri şəxs Qarabağla yanaşı Azərbaycanı da yaxşı tanıyan biri olmalıdır. David Babayanın sözlərindən anlaşılır ki, o və onun “lideri” də Ruben Vadranyanın Bakı ilə təmas qurması imkanlarının olmadığını etiraf edibər. Ancaq rəsmi Bakının “separatçıların müəyyənləşdirəcəyi şəxslə” danışıqlar aparması da imkansızdır. Biz erməni icması içərisində beyni tam zəhərlənməyən və mövcud reallıqları qəbul etməyə hazır olan şəxsləri axtarmalıyıq. Ancaq belələrini çətinliklə tapsaq da, bilməliyik ki, onlar əli silahlı separatçıların nəzarəti altında olacaqlar və “təlimatlardan” kənara çıxa bilməyəcəklər. Qarabağda 1988-ci ildə separatçılığa başlayanda, bunun yanlış olduğunu anlayan bir neçə erməni var idi, ancaq onların səsini batırdılar və bir müddət sonra müəammalı şəkildə yoxa çıxdılar. Qərbə görüntü lazımdır ki, dialoq mövcuddur. Etiraz etmirik, ancaq şərtimiz də bəllidir: Ermənilər Qarabağda təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda bölgəni tərk etməli olacaqlar".

Nərgiz,

Sitat.info



Xəbər xətti