Rusiyanın iqtisadi reytinqi "defolt"un bir addımlığında : Vüqar Bayramovun proqnozu

11:04 9 Mart 2022

"Fitch Ratings qiymətləndirmə agentliyi digər aparıcı kredit şirkətlərdən sonra Rusiyanın kredit reytinqinin B-dən C-ə endirilməsi barədə qərar qəbul edib. Bu kredit reytinqləri arasında ikinci ən pis pillə hesab olunur. Növbəti pillə defolt reytinqidir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, müharibə davam etdikcə, Rusiya iqtisadiyyatının itkiləri də genişlənməkdədir: "ABŞ-ın Rusiya neftindən imtina etməsi, Avropanın da bu addıma mərhələli hazırlaşması Rusiyada ciddi valyuta qıtlığı yarada bilər. Digər tərəfdən, şimal qonşumuzun öz valyuta ehtiyatlarını istifadə etməkdə problemləri də dollar qıtlığını gücləndirməkdədir. Hələlik Rusiya Mərkəzi Bankı ölkədən dollar çıxışını məhdudlaşdırmaqla prosesi tənzimləməyə çalışır. Aydındır ki, sanksiyalar fonunda Mərkəzi Bankın da alətləri olduqca məhduddur. Bu baxımdan, valyuta daxil olmalarının artırılması deyil, ölkədən axınının qarşısının alınması sözügedən bank üçün prioritetdir".

V.Bayramov vurğulayıb ki, Rusiya qarşı tətbiq edilən sanksiyalar dünya tarixində ən geniş miqyaslı sanksiyalardan hesab olunur: "Bu isə o deməkdir ki, müharibənin uzun sürəcəyi halda Rusiyanın iqtisadi itkiləri daha da artacaq. Hətta post-müharibə dövrü üçün də sanksiyalar fonunda yaxşı iqtisadi dəyişikliklər proqnozlaşdırılmır. 

Bütün hallarda, Rusiya iqtisadiyyatı yeni və çətin dönəmə daxil olur. Bu dönəmin nə qədər çəkəcəyi isə daha çox Qərbin mövqeyindən asılı olacaq".

SİTAT.İNFO



Xəbər xətti