Neft 150, hətta 200 dollara qədər bahalaşa bilər: ŞOK proqnozlar

10:19 9 Mart 2022

ABŞ-ın Rusiya neftindən imtina ilə bağlı qərarını gözləmək çox çəkmədi. Ağ Ev Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağı çalışacaq.

ABŞ-ın enerji sanksiyası nəyi dəyişəcək?

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, bu addım dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək: "Artıq Brent markalı neftin 1 barelinin qiyməti 130 dollardan baha təklif olunur. Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər isə, Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını da istisna etmirlər".

İqtisadçı ekspert vurğuladı ki, ABŞ və Səudiyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır: " ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Birləşmiş Ştatların neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularının bağlamaq üçün hələlik zaman lazımdır.

Birləşmiş Ştatların isə OPEC-dən və xüsusən də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir. Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın da Avropaya mavi qaz nəqlinin dayandırması da istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olmaqdadır. İnfilyasiyanın sürətlənəcəyi bu dönəmdə “İngilis qaydaları” prosesləri diqtə etməkdədir".

SİTAT.İNFO



Xəbər xətti