"İlkin hesablamalara görə Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 milyon Rusiya vətəndaşı çalışırdı, amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var – toplamda 11-12 milyon nəfər işsiz, gəlirsiz qala bilər".
SİTAT.İNFO xəbər verir ki, bu dəhşətli rəqəmləri iqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb.
İqtisadçının sözlərinə görə, daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı, indi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq: "Digər tərəfdən 15 milyondan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər. Xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni, birbaşa və dolayısı ilə 30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir".
N.Cəfərli qeyd etdi ki, dünən Rusiya Mərkəzi Bankı ölkədə dollar satışını sentyabr ayına qədər qadağan elədi: "Bu isə “qara bazarın” yaranmasına səbəb olacaq. SSRİ kimi monsrt belə valyuta əməliyyatlarının “qara bazarına” mane ola bilməmişdi, korrupsiyada boğulan Rusiya isə bunu heç edə bilməz.
Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər.
Yəni, Putin və ona inanan milyonlarla rusiyalıların arzusu yerinə yetir – SSRi-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər".
SİTAT.İNFO