Lavrovu Bakıyaya gətirən səbəblər nələrdir? - Şərh

12:59 27 Fevral 2023

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana gələcək. O, həmkarı Ceyhun Bayramovla görüşəcək.   Ehtimal edilən görüşlə bağlı jurnalistlərə açıqlama verən Ceyhun Bayramov bildirib ki, danışıqlar zamanı həm ikitərəfli, həm də regional məsələlər müzakirə olunacaq. O, bu görüşü yaxşı fürsət kimi qiymətləndirib. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, görüşün səmərəli və məhsuldar keçəcəyini proqnozlaşdırmaq olar: "Baş diplomatların müzakirə edəcəyi bir neçə əsas məsələ var. Şübhəsiz ki, nazirlər Cənubi Qafqazdakı durum, o cümlədən Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması barədə fikir mübadiləsi aparacaqlar.  
 Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşməsi, əlbəttə, Rusiyanın ürəyincə deyil. Azərbaycanın isə bu məsələ ilə bağlı konkret tələbləri var. Mülki missiya ancaq sülh quruculuğu prosesinə töhfə verəcəyi halda bizim üçün məqbul hesab edilə bilər. Yəqin ki, Ceyhun Bayramovla Lavrov bu barədə də danışacaqlar". 

 K.Novruzov hesab edir ki, Laçın yolundakı durumun da gündəmdə olacağı şübhəsizdir: "Çox güman, Bayramov dinc etiraz aksiyasının tamamilə leqal olduğunu bir daha həmkarının diqqətinə çatdıracaq. 
 Qondarma respublikadakı son durum, habelə terrorçuların qanunsuz fəaliyyəti barədə də fikir mübadiləsi aparıla bilər. Məlum olduğu kimi, Qarabağdakı “dövlət naziri” Ruben Vardanyan postundan qovulub. Bu məsələdə Bakı və Moskvanın toqquşan və üst-üstə düşən maraqları var. Böyük ehtimalla baş diplomatlar Qarabağdakı proseslərin perspektivi barədə də danışacaqlar". 

Siyasi şərhçi əlavə etdi ki, eyni zamanda üçtərəfli bəyanatların şərtlərinin icrası da, yəqin ki, müzakirə olunacaq: "Bilindiyi kimi, rəsmi İrəvan həmin razılıqların icrasını yerinə yetirməkdən boyun qaçırır. Sənədlərin tələblərinə zidd olaraq terrorçular hələ də Qarabağdadır. İrəvan kimi Moskva da bu məsələ də məsuliyyət daşıyır. Çünki sənəddə Kreml rəhbərinin də imzası var. Deməli, üçtərəfli sazişlərin tələblərinin yerinə yetirilməsi, o cümlədən terrorçuların bölgədən çıxarılması ilə bağlı olaraq Rusiya Ermənistana təzyiq göstərilməlidir. Bu məsələ ilə bağlı da Bayramovun rəsmi Bakının mövqeyini Lavrova xatırlatması gözləniləndir. 
Bundan başqa, Ukraynadakı müharibə də, yəqin ki, tərəflərin gündəliyində olacaq. Nazirlər savaşla bağlı son prosesləri, o cümlədən Çinin sülh modeli təklifini, Türkiyənin vasitəçilik təşəbbüslərini müzakirə edə bilərlər. 
 Görüşün Azərbaycan üçün uğurlu keçəcəyinə inanmaq oalr. Yəqin ki, bəzi “düyünlərni” açılması ümün imkan yaranacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti