Azərbaycan tezliklə antiterror əməliyyatlarına başlaya bilər: Bu zaman sülhməramlılar... Elçin Xalidbəylinin ŞƏRHİ

16:30 9 Mart 2022

"Azərbaycanın Xankəndi və ətraf bölgəsində hərbi süküutun əvvəl-axır pozulacağı qətiyyən şübhə doğurmur. Çünki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məskunlaşdığı həmin bölgədə Azərbaycanın severen hüquqlarının, rəsmi Bakının siyasi idarəçilik iradəsinin bərpası qaçılmazdır. Ona görə də, rəsmi Bakının ən yaxın günlərdə Xankəndi və ətraf bölgədə yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etmək və ya ərazini həmişəlik tərk etmək seçimi qarşısında qoyacağı tamamilə inandırıcıdır".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli səsləndirib.

Onun sözlərinə görə, bu mənada Xankəndi və ətraf bölgədə son günlər baş verənləri də belə bir prosesin başlanmaq üzrə olduğunun ilkin əlamətləri hesab etmək olar: "Çünki, bölgədə yerləşmiş separatçı-terrorçu ermənilərin təxribatçı davaranışları artıq “qırmızı cizgiləri” aşmağa və rəsmi Bakının səbrini daşırmağa başlayıb. Xüsusilə də, bölgəni çoxdan tərk etməli olan qanunsuz silahlı erməni dəstələrinin səngər qazıb, mövqelərini möhkəmləndirməyə cəhd göztərmələri yolverilməzdir".

E.Xalidbəyli onu  da qeyd etdi ki, qanunsuz erməni silahlı dəstələrinin təxribatlarında Rusiya sülhməramlı qüvvələrinin də xüsusi rol oynadığı barədə məlumatlar mövcuddur: "Bəzi məlumatlara görə, məhz rus sülhməramlılarına rəhbərlik edən general Volkovun şəxsi maraqları bölgədə gərginliyin artmasına münbit şərait yaradır. Generel Volkovun Araik Arutyunyan və onun separatçı dəstəsi ilə işbirliyi içində olduğu bildirilir. Onun erməni separatçılarla əməkdaşlıq sayəsində generalın Xankəndi və ətraf bölgədə özünə “qaranlıq biznes şəbəskəsi” yaratdığı iddia edilir. Bu səbəbdən də, bu generalın bölgədə gərginliyi ən yüksək səviyyədə saxlayaraq, rus sülhməramlıların orada qalma müddətinin mümkün qədər uzadılmasında maraqlı olduğu ehtimal edilir".

Rusiya sülhməramlılarının missiyası – etimad qazanmaq üçün tarixi fürsət
Siyasi şərhçi hesab edir ki, bütün bunları nəzərə aldıqda, qanunsuz erməni silahlı dəstələrin belə asanlıqla, atəşkəs rejimini pozmalarının, Azərbaycan ordusunun mövqelərini atəşə tutmalarının səbəblərini anlamaq çətinlik törətmir:

"Ancaq rəsmi Bakının bütün bunlara uzun müddət səbr göstərəcəyi qətiyyən inandırıcı deyil. Müdafiə Nazirliyinin son açıqlamasında rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bölgədəki qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələrin endirildiyi barədə qeydin yer alması da qətiyyən təsadüfi deyil. Rəsmi Bakı bununla həm rus sülhməramlılara bölgədə müvəqqəti dislokasiya olunduqlarını xatırladaraq, xəbərdarlıq edir. Digər tərəfdən isə silahlı erməni terrorçulara rus sülhməramlılara güvənməyin mənasız olduğunu anlatmağa çalışır. Qanunsuz silahlı erməni dəstələrinin mövqelərinə dəqir zərbələrin endirilməsi də məhz bu məqsədi daşıyır.
Böyük ehtimalla əgər, erməni separatçılar rəsmi Bakının bu mesajlarından lazımi nəticə çıxartmasalar və təxribatlara davam etsələr, Azərbaycan tezliklə antiterror əməliyyatlarına başlaya bilər. Və bölgədə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılar Azərbaycanın antiterror əməliyyatlarına müqavimət göstərmək hüququna sahib deyillər".
E.xalidbəyli diqqətə çatdırdı ki, son günlər rus sülhməramlıların bir hissəsinin Xankəndi və ətraf bölgədən Laçın dəhlizi ilə Ermənistan ərazisinə daşınması barədə də məlumatlar var: "Ehtimal olunur ki, onlar ya Ermənistandakı hərbi bazada yerləşdiriləcəklər, ya da oradan birbaşa Ukraynaya göndəriləcəklər. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Rusiya yeni hərbi qüvvəyə ifrat şəkildə ehtiyac duyarsa, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş rus sülhməramlıların əhəmiyyətli hissəsini Ukraynadakı savaşa cəlb etmək məcburiyyətində qala bilər. Ona görə də, indiki situasiya qətiyyən Ermənistanın və erməni separatçıların xeyrinə deyil. Bu önəmli faktoru nəzərə almasalar, həm Ermənsitan, həm də erməni separatçılar üçün olduqca təhlükəli proseslər başlaya bilər".

SİTAT.İNFO



Xəbər xətti