Kiber sahədə ölkəmiz üçün əsas təhdidlər qonşularla bağlıdır" - Osman Gündüz

16:24 7 Mart 2023

"İnformasiya təhlükəsizliyinə cavabdeh dövlət qurumu əsas təhdidləri qonşularda görür və çıxış yollarını da Türkiyə və İsrail ilə birlikdə axtarır. Xatırlayıram ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, general İlqar Musayev mediaya verdiyi açıqlamada kiber sahədə ölkəmiz üçün əsas təhdidlərin qonşularla bağlı ola biləcəyini vurğulamışdı. Bu, yetərincə diqqət çəkən məqam idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə, görünür ki , bu Dövlət Xidməti kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində ciddi bir təhlükəsizlik modeli üzərində işləyir:

"Belə ki, son bir-iki ayda XRİDX həm Bakıda və Türkiyədə, həm də İsraildə həmkarları ilə görüşlər keçirib. Ötənilin sonu Bakıda XRİTDX ilə TÜBİTAK-ın İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzi(BİLGEM) arasında anlaşma imzalanmışdı.

Ondan dərhal sonra, elə ötən ay XRİTDX rəhbərliyi Türkiyəyə səfər edib, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, İnformasiya və Kommunikasiya İdarəsi (BTK), Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurası və Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisində görüşlər keçiriblər. 

Ötən həftə isə XRİTDX rəhbərliyi İsrailin Milli Kiberdirektorluğu, İsrailin CERT qurumu, Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi , Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi"ndə görüşlər keçiriblər.

Diqqət çəkən məqam həm də odur ki, əvvəllər adı çəkilən qurumunun bu tip fəaliyyətləri adətən açıqlanmırdı, bəlkə də bu tip beynəlxalq əlaqələrə ciddi önəm verilmirdi".

Ekspert hesab edir ki, xüsusi rabitə , informasiya və kiber sahədə, ümumiyyətlə təhlükəsizlik sahəsində milli maraqlarımızın qorunması baxımından atılan addımlar mühüm əhəmiyyət kəsb edir:

"Yeri gəlmişkən, ümid edirəm 5 ildir ki, öz təsdiqini gözləyən " Kibertəhlükəsizlik və İnformasiya təhlükəsizliyi ilə bağlı Milli Strategiya" da nəhayət ki təsdiqlənəcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti