"Bütün Türkiyə anladı ki, bu birlikdə səmimiyyət yoxdur" - Tural Abbaslı "6lı masa" haqqında

17:40 7 Mart 2023

"Türkiyədə, əslində, gözlənilən oldu. Yəni böyük əksəriyyətin gözlədiyi kimi Cümhuriyyət Xalq Partiyasının rəhbəri prezidentliyə namizəd oldu. Amma, bu elə də rahat olmadı və burada İYİ Partiya rəhbəri masadan ayrıldı, masanı kifayət qədər sərt sözlərlə tənqid etdi, sonra isə yenidən iki bələdiyyə başqanının vasitəçiliyi ilə döndü və Kılıçdaroğlunu dəstəklədi. Məncə, artıq belə bir formatda namizədliyin təsdiqlənməsi düşünürəm ki, onları zəif saldı. Çünki bütün Türkiyə mesaj aldı ki, bu birlikdə səmimilik yoxdu, burada ancaq maraqlardır. Yəni burada bir günə bu qədər fikir dəyişilirsə, bu stabil bir birlik deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Partiya sədri hesab etmir ki, Türkiyə cümhuriyyəti vətəndaşları belə bir anda belə qeyri - stabil birliyin namizədinə səs versin: "Cümhur başqanına namizədlik elan olunandan sonra 12 bəndlik bir razılaşma mətni elan olundu. O mətndə də elan olundu ki, bu birliyə daxil olan partiyaların rəhbərləri, prezidentliyin köməkçiləri seçiləcəklər, ora daxil olan hər bir partiya bəlli bir qaydalar çərçivəsində nazirlər təyin edəcəklər, sonra həmin o hər iki bələdiyyə başqanı prezident köməkçiləri təyin olunacaq , bəlli bir vaxtda. Mən düşünürəm ki, bunların hamısı Türkiyə cəmiyətini zəiflədə biləcək addımlardır və yenidən Türkiyəni Ak parti dönəmindən öncəki koalisionlar dönəminə aparacaq. Hansı ki,  koalisionlar dönəmi  Türkiyəni geridə qalmış, inkişafın getmədiyi , siyasi   təlatümlər və siyasi böhranlarla əlləşən bir Türkiyə halına gətirəcək".

T.Abbaslının sözlərinə görə, bu koalisiyanın bir ilə yaxındır ki, namizədini müəyyən edə bilmədiyini və namizədini son anda güc bəla ilə ortaya çıxardığını nəzərə alsaq,  onlardan böyük uğur gözləmək çətindir: "Bir gün qabaq dalaşdılar, vuruşdular. Türk seçicisi də belə bir qeyri - stabil birliyin zəlzələnin nəticələrini aradan qaldıra biləcəyinə düşünmürəm ki, inanalar.  Ərdoğan söz verib ki, 1 ilə zəlzələnin nəticələri aradan qaldırılacaq, bütün binalar yenidən tikiləcək və bu Ərdoğanı da xeyli qabağa aparıb. Düşünürəm ki, insanların bu dəqiqə əsas fikri zəlzələnin nəticələrinin aradan qaldırılmasıdır. Görülən qədəri odur ki , yeni altılı masa bunun öhdəsindən gələ biləcək gücdə deyil. Mən ümid edirəm ki, bu şərtlərlə Ərdoğan birinci turda qalib gələcək və Türkiyə üçün də, Azərbaycan üçün də, Türk islam dünyası üçün də ən xeyirlisi Ərdoğanın və AK Partiyanın hakimiyyətdə qalmasıdır".

Sevinc Cavadzadə,

Sitat.info

 



Xəbər xətti