ABŞ neftin sürətli bahalaşmasını əngəlləməyə çalışır, OPEC hasilatı artırır: Vüqar Bayramov yazır

10:55 10 Mart 2022

"Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta “siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur” prinsipinə uyğun Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır. ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə həmçinin dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib: "Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir.

Bütün bunlar fonunda, dünən neft birjalarında volatillik qeydə alındı. Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək azalsa da sonra da 3 faizə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur.

Qiymət azalmalarının səbəbi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-in hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanskiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var.

Bununla yanaşı, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görsənmir. Buna görə də, dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Amma görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlar ilə idarə olunur. Bazarlar isə real neft tələb edir.



Xəbər xətti