"Azərbaycanın rəsmi mövqeyi belədir ki, Qarabağ separatçıları ilə heç bir rəsmi təmas olmaz. Məsələn, Araik Artunyan və Ruben Vardanyanla heç bir dialoq qurulmadı. Araik Artunyanla bağlı cinayət işi açılıb. O, Gəncənin bombalanmasını özü boynuna götürüb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq , Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, Qarabağ ermənilərinin iştirakına separatçılar imkan verməyəcək: "Biz deyirik ki, heç olmasa erməni icmasının nümayəndələrindən kimsə olsun. Ona da erməni separatçıları imkan vermirlər. Özləri iştirak edə bilmirlər, ancaq onların təyin etdiyi adamlar iştirak edir. Sonuncu görüşdə də, onların adamları iştirak etdi. Həmin şəxslərin iştirakına qarşı çıxmaq da çətindir. Çünki ayrı adam tapmaq mümkün deyil. İcmadan kim gəlsə də, son qərarı separarçılar verəcək. Lakin əsas məsələ odur ki, biz Araik Artunyanla bir masada otura bilmərik".
Politoloq hazırki situasiyada dialoqun nəticəsinin sual altında olduğunu bildirdi: "Buna baxmayaraq təmaslar olub. Ən azı 3 təmas mənim yadımdadır. Sərsəng su anbarına baxış oldu, Laçının boşaldılması ilə bağlı təmas oldu. Bu üçüncü təmas da bu günlərdə baş tutdu, açıqlama da verildi. Lakin son təxribatların fonunda növbəti təmasın nə zaman olacağı bəlli deyil. Ermənilər təxribat edir, silahlar daşıyırlar. Hətta Rusiya hərbi kontingenti onlara dəstək verir , silah daşınmasını müşayiət edirlər. Belə bir şəraitdə Qarabağ erməniləri ilə danışıqların aparılmasının bir mənası qalırmı, bilmirəm...".
Nərgiz,
Sitat.info