İndiki halda sülhməramlıları Qarabağdan çıxarmaq mümkündürmü?

17:20 8 Mart 2023

Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarından narazıdır. O cümlədən ermənilər də zaman-zaman sülhməramlıların onları yetərincə qorumadığını deyirlər. Əgər hər iki tərəf narazıdırsa, o zaman sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı ortaq qərar verilə bilərmi? Qarabağ erməniləri ilə gedən dialoqda bu mövzu gündəmə gələ bilərmi?

Sitat.info xəbər verir ki, TV Müsavatın efirində bu barədə danışan Ağ Partiya sədri Tural Abbaslı sözügedən qərarın riskli olacağını deyib: "Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması siyasi riskdir. Hazırda hakimiyyət siyasi risk almaq qərarı verməyib. Bu o deməkdir ki, Rusiya ilə bütün iplər gərilib, qırılma nöqtəsindədir. Hazırda o qərarın verilməsi risklidir". 

T.Abbaslı vurğulayıb  ki, indi konkret qərar verilmə anıdır: " Rusiyaya rəğmən ya biz Xankəndiyə girəcəyik, ya da ruslar oradakı silahlıları çıxarıb rədd edəcək. Ancaq görünür hazırda o riskli qərarı verməyin zamanı deyil".

Partiya rəhbəri  Türkiyədəki vəziyyətin də durumu mürəkkəbləşdirdiyini əlavə edib: "Türkiyədə vəziyyət mürəkkəbdir, seçkilər gözlənilir. Ərdoğanın başı qarışıqdır, ölkənin 10 şəhəri dağılıb, onlar tikilməlidir, həyat bərpa olunmalıdır. Ola bilsin ki, bu faktorlar nəzərə alınır, Rusiya da buna görə aktivləşib. Ancaq qətiyyət və risk lazımdır". 

Məğrur,

Sitat.info



Xəbər xətti