"Son hadisələr göstərir ki, ermənilər 30 il ərzində, xüsusilə də İkinci Qarabağ Müharibəsi gedişində ilkin dövr üçün yekun sənədi 10 noyabr bəyannaməsi imzalanarkən səmimi olmadılar və heç vaxt da səmimi olmayıblar. Ona görə də onların imzaladığı sənədə, sözlərinə etibar etmək olmaz. Hadisələr göstərir ki, onlar başqa məkrli fikirdədirlər. Qarabağın ermənilər yaşayan ərazisində hansısa fitnə qurmağa çalışırlar, həmin əraziləri öz nəzarətlərində saxlamağa, oradakı ermənilərin siyasi mövcudluğunu təsbit etməyə, bunu dünyaya qəbul etdirməyə çalışırlar. Bu prosesdə onlara kömək edənlər də var".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının Akif Nağı deyib.
Onun fikrincə, 10 noyabr prosesində Rusiya da qeyri-səmimi münasibət sərgilədi, öz məqsədlərini həyata keçirməyə çalışdı: " Bundan əlavə də Rusiyanın başqa məkrli planları da var. Qərbin də münasibətinə etibar edə bilmərik. Müşahidəçi adı ilə hərbi kontingent göndərməklə onların da məqsədlərinin səmimi olmadığını görürük. Biz ancaq özümüzə arxalanmalı, müəyyən düşmənləri neytrallaşdırmağa çalışmalıyıq. Biz bu gün Rusiyanı özümüzə düşmən kimi qəbul etməklə hər hansı bir nəticəyə nail ola bilmərik. Rusiya kimi mövqeləri neytrallaşdırmaq, zərərsizləşdirmək lazımdır. Həmçinin Qərbdəki ermənilərin havadarlarını da neytrallaşdırıb zərərsizləşdirmək lazımdır".
A.Nağı hesab edir ki, biz özümüzün həqiqi müttəfiqlərimizə, birinci növbədə Türkiyə, Pakistan və digər müttəfiqlərimizə söykənərək planlarımızı həyata keçirməliyik: "Qarabağ ərazisinin yollarını, xəritəsini bilirik. Orada bir neçə torpaq yolları vardır ki, böyük maşınların oradan keçməsində problem yaşanır. Həmin yollardan da istifadə edirlər. Burada söhbət həmin yolların vasitəsi ilə silahlanmadan gedir. Bizim üçün fakt budur. Əgər silahlanma prosesi gedirsə demək ki, onların hansısa məkrli planları var.
Biz onları qabaqlamalıyıq. İlk növbədə Beynəlxalq Təşkilatlar bu məsələ barəsində obyektiv məlumatlanmalıdır. Eyni ilə İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan rəhbərliyi beynəlxalq təşkilatların qarşısında həqiqətləri təqdim etdiyi kimi. Məlumatlandırma kompaniyası mütləq əsaslı şəkildə getməlidir. Bundan sonra planların həyata keçirilməsi yolunda addımlar atılmalıdır".
Partiya sədri əlavə etdi ki, bu proseslərə üçüncü Qarabağ müharibəsi demək olmaz: "Bu, ikinci Qarabağ müharibəsinin nəticələridir və bu nəticələr tamamlanıb tam qələbə əldə olunmalıdır. Bunun üçün Azərbaycan ilk olaraq yumşaq güc tətbiqinə üstünlük verməli, hərbi hissələrinin dinc şəkildə silahlarını nümayiş etdirməklə Xankəndi istiqamətində irəliləməlidir. Əgər düşmən müqavimət göstərərsə Azərbaycan tərəfi ən ağır hərbi əməliyyatlara başlamaqla bu məsələni bitirməyə hazır olmalıdır".
Seymur Bənnayev,
Sitat.info