"Hal-hazırda Baxmut uğrunda ciddi döyüşlər gedir. Baxmut demək olar ki, faktiki mühasirə altındadır. Baxmut strateji şəhərdir və kifayət qədər böyük şəhərdir. Baxmutun çox strateji bir önəmi var. Bu şəhər alınsa, bu Rusiya üçün Donbasın tam şəkildə işğal olunmasına yol açacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli deyib.
O qeyd edib ki, Ukrayna əsas qüvvələrini Baxmut uğrunda döyüşə cəmləyib: " Baxmut uğrunda döyüşə, bəlkə də, İkinci Dünya Savaşında Stalinqrad uğrunda döyüş kimi də müqayisə etmək olar. Üstünlük yanvar ayından bu yana Rusiya tərəfdədir. Düzdür, Rusiya irimiqyaslı sıçrayışlar etmir, amma addım-addım üstünlük Rusiyadadır və kəndbəkənd, qəsəbə-qəsəbə Donbas cəbhəsində Rusiya ərazi almağa davam edir".
Ə.Məmmədli vurğuladı ki, əgər Baxmut işğal edilsə, artıq hətta Slavyansk tərəfə yol açılır: "Bu isə artıqvəziyyəti təhlükə altına alır. Bu halda bu ilin axırına bu gedişatla Rusiya tam Donbas cəbhəsini işğal etmək istiqamətində ciddi uğurlar əldə edəcək və bu Ukraynanın cəbhədə ciddi bir məğlubiyyəti kimi nəticələnə bilər".
Sevinc Cavadzadə,
Sitat.info