Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında təxminən 70 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb.
Məlum olduğu kimi, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
Gürcüstan son illər Rusiyadan uzaqlaşma siyasəti aparır. Bunun əsas səbəbi isə Şimali Osetiya və Abxaziyanın Gürcüstan tərəfindən işğalıdır. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, indiki halda Tiflislə Moskva arasında yaxınlaşma olarsa, xalq ayağa qalxar. Ona görə də iqtidar bu məqamı mütləq nəzərə alır.
Ümumiyyətlə, Zurabişvili Qərb və Rusiya arasında balanslı siyasətin tərəfdarıdır. Şübhəsiz ki, mövcud realıqları nəzərə alsaq, indiki halda bu, ən yaxşı stratgiyadır. Hər halda Rusiyanın Gürcüstanla qonşu olması və bu dövlət üçün daim təhdid yarada biləcəyi faktı unudulmamalıdır.
Gürcüstanda durum asan deyil. Prezident vədinə əməl edib, qanuna veto qoymasa, gələcəkdə xalq hakimiyyətə qarşı da etirazlar keçirə bilər. Ona görə də Zurbaşvili dediyini etməlidir.
Və əgər dövlət başçısı bu addım atarsa, Moskva ilə münasibətlərdə növbəti gərginlik yarana bilər.
Sözsüz ki, Prezidentin açıqlaması həm də xalqı sakitləşdirmək məqsədi daşıyır. Çünki mitinqlərin davam etməsi hakimiyyətə sərf etmir.
Yəqin ki, mitinqlər hələ bir neçə gün davam edəcək. Prosesin sonunda “Xarici agentlər haqqında” qanuna veto qoyulması daha real görünür.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün