ABŞ Çini sanksiyalara qoşulmağa məcbur edir: Pekin bununla "şantaj" olunur

13:55 10 Mart 2022

Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymondo deyib ki, Çin şirkətləri Rusiya əleyhinə sanksiyalara qoşulmasalar, onlara qarşı da sanksiyalar tətbiq olunacaq.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq,  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Çinin Şanxay şəhərindəki nəhəng SMIC şirkəti Qərb texnologiyaları əsasında proqram təminatı üçün yarımkeçiricilər istehsal edir: "SMIC Rusiyaya məhsul ixrac edərsə ABŞ həmin şirkəti proqram təminatından məhrum edəcək. Amerika ticarət nazirinin sözlərinə görə, ölkəsi Çinin həmin şirkəti ilə əməkdaşlığı dayandırsa Çin çip istehsal edə bilməyəcək. Bu Çinə böyük zərbə olar. Beləliklə, Vaşinqton çalışır ki, Pekin Ukrayna məsələsində “neytral” siyasətdən əl çəksin. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel də bir müddət əvvəl Çinin xarici işlər naziri Van İnə müraciət edərək müharibənin dayandırılması məqsədilə Pekinin Kremlə təsir etməsini istəyir".

Politoloqun sözlərinə görə, Pekinin mövqeyində dəyişiklik yoxdur: "Əlbəttə, Pekin müharibənin dayandırılmasını istəyir. Çünki müharibənin davam etməsi Çin üçün geosiyasi və geoiqtisadi risqlər yaradır. Birincisi, Çinin Ukrayna ilə iqtisadi əməkdaşlığı donub, Çin Ukraynadan kənd təssərrüfatı məhsulları idxal edə bilmir. İkincisi, Qərb sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının zəifləməsi nəticəsində Çinin bu böyük bazarda gəlirləri azalacaq. Çünki Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti getdikcə azalacaq. Üçüncüsü, müharibənin davam etməsi Çinin “bir kəmər, bir yol” layihəsinə təhlükə yaradır. Dördüncüsü, Amerika Ukrayna böhranı fonunda Çinin müxtəlif şirkətlərinə qarşı sanksiya siyasətini genişləndirə bilər ki, bu Pekinə əlavə problemlər yaradacaq".

SİTAT.İNFO



Xəbər xətti