Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz - Elxan Şahinoğlu

13:26 14 Mart 2023

"Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı, sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdəki Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutublar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O, vurğulayıb ki, bu təxribat da Azərbaycan ordusunun növbəti hədəflərinə çatmasını sürətləndirməlidir: "Ermənilər bilirlər ki, Azərbaycan ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Digər tərəfdən erməni icmasının nümayəndələrinə növbəti görüşü Bakıda keçirməyi təklif ediblər. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqla əngəlləməyə çalışıblar".

E.Şahinoğlu hesab edir ki, işin içində Rusiya da var: "İşin içində Rusiya hərbi kontingenti, onların təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz".

 



Xəbər xətti