"Azərbaycan hökuməti illərdir deyir ki, məmləkətdə qeyri-neft sektoru sıçrayışla inkişaf edir, ÜDM-də, xarici ticarətdə payı artır – biz isə cavab verirdik ki, hökumət sadəcə təsnifatı dəyişib və ümumiyyətlə, neft-qeyri neft sektoru anlayışı yanlışdı, Rusiyanın icadıdı, normalda resurs-qeyri resurs anlayışları olmalıdır.
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 594 mln. 139 min dollarlıq qeyri-neft məhsulu ixrac edib. Ən çox ixrac olunan “qeyri-neft” məhsulu elektrik enerjisidir – 227 mln. 224 min dollarlıq elektrik enerjisi satılıb, onu da “qeyri-neft” kimi təsnifata salıb fəxrlə yayıblar. Öz rəsmi məlumatlarına görə qeyri-neft ixracının tam 38,24%-i məhz elektrik enerjisidir! Bunun nəyi qeyri-neft sektoru oldu ki?! Biz enerjini əsasən mazut və qazdan istehsal edirik, bu da resurs iqtisadiyyatına aid edilməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun fikrincə, sırf aqrar sektorun ixracı elə də böyük rəqəmə dayanmır: "Aqrar sektorun iki ayda ixracı cəmi 79 mln. 850 min dollardır, yəni, aya ortalama cəmi 40 mln. dollardan az kənd təsərrüfatı məhsulları ixrac edirik. "Bax belə “uğurlu” iqtisadi siyasətimiz var və məlum olur ki, bizdə qeyri-neft sektoru elektik enerjisi sektoru imiş...".
Nərgiz,
Sitat.info