Putin Rusiya üçün intihar qərarı verdi: Girdiyi bataqlıq onu daha dərinə çəkir...

15:42 11 Mart 2022

"gUkrayna savaşı ilə bağlı Antalyada keçirilmiş üçtərəfli Ukrayna-Rusiya-Türkiyə görüşündən və ondan sonrakı mətbuat konfransından ortaya çıxan görüntülər mövcud vəziyyət ilə bağlı müəyyən mülahizələrə imkan verir. Birmənalı şəkildə aydın oldu ki, Rusiya tərəfi hələlik hər hansı anlaşmaya hazır deyil. Rusiya ordusu savaş meydanında Kremlin hədəflədiyi nəticələrdən çox uzaqdır. Və Rusiyanın hazırda əli çox zəif olduğundan Kreml siyasi-diplomatik masada özünü narahat hiss edir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Onun sözlərinə görə, görüş müddətində, eləcə də mətbuat konfransında xarici işlər naziri Sergey Lavrovun olduqca gərgin olması, hətta bəzən özünü aqressiv aparması və bəzi hallarda pərtliyini gizlədə bilməməsi də Rusiyanın üzləşdiyi mövcud durumun ağır olduğunu biruzə verirdi: "Belə vəziyyətdə, Kremlin hər hansı anlaşmaya həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Rusiyanın siyasi diplomatik masada özünü rahat hiss etməsi üçün qarşı tərəfə öz anlaşma şərtlərini diqtə etmək şansı qazanması vacibdir. Rusiya ordusunun Ukrayna savaşında uğur qazana bilmədiyini nəzərə aldıqdasa, hazırda bu, qətiyyən real görünmür.

Ona görə də, Kreml xarici işlər nazirlərinin görüşündən əvvəl anlaşma ehtimalının gündəmdən çıxarılmasının qayğısına qalmışdı. Hər halda, Ukraynadan Krımın Rusiya ərazisi kimi tanınması, Donbasdakı separatçıların “müstəqilliyinin” qəbul edilməsi və s. kimi tələblər elə əvvəlcədən Kremlin anlaşma niyyətində olmadığını göstərirdi. Çünki, rəsmi Kiyevin Ukraynanın ərazi bütöblüyünə qəsd xarakteri daşıyan belə tələbləri qəbul etməyəcəyini Kremldə anlamamış deyildilər".

E.Xalidbəyli onu da vurğuladı ki, digər tərəfdən, Kreml siyasi-diplomatik “pəncərə”ləri də tam qapatmaqda qətiyyən maraqlı deyil: "Çünki hazırda sülh danışıqları Ukraynaya lazım olduğu qədər də Rusiya üçün vacibdir. Kreml Rusiyanın Ukrayna savaşına, eləcə də onun beynəlxalq nəticələrinə uzun müddət davam gətirə bilməyəcəyini də nəzərə alır. Ona görə də, Kreml istər-istəməz siyasi-diplomatik “pəncərə”ləri hər ehtimala qarşı açıq tutmaq məcburiyyətindədir. Çünki Ukrayna savaşında planlaşdırılan əzici hərbi üstünlüyə nail olunacağı təqdirdə, həmin “pəncərə”lər Kremlə lazım ola bilər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, xarici işlər naziri S.Lavrovun Rusiya və Ukrayna prezidentlərinin görüş ehtimalına verdiyi reaksiya da maraqlıdır. Belə ki, S.Lavrov qəribə də olsa, Kremlin Ukrayna və Rusiya prezidentlərinin görüşündən heç vaxt imtina etmədiyini vurğuladı: “Ancaq prezidentlərin görüşləri sadəcə, görüş xatirinə olmamalıdır. Belə görüşdən mütləq prinsipial və həlledici nəticələr çıxamalıdır”.

Siyasi şərhçi  hesab edir ki, Kreml yalnız Rusiyanın maraqlarını ifadə edən şərtlərin qəbul ediləcəyi görüş barədə düşünür: "Ona görə də, hazırda belə bir görüş şansı olmadığından, Kreml Antalyada barışı deyil, yenidən savaşı seçdi. Halbuki, Kremlin Ukrayna savaşında Rusiyaya sərfəli hərbi nəticələr əldə edib, situasiyanı öz xeyrinə dəyişə biləcəyinə də tam təminat yoxdur.

Əksinə, Ukraynada müharibə uzanarsa, savaşın sonrakı nəticələri Rusiyanı bu “bataqlığın” daha da dərinliyinə çəkə bilər. Bu halda, beynəlxalq sanksiyaların getdikcə sərtləşdirildiyini də nəzərə aldıqda, hansısa mərhələdə Rusiyanın həmin “savaş bataqlığı”ndan çıxma imkanlarının məhdudlaşa biləcəyi də qətiyyən istisna deyil.

Rusiyanın dünyadan təcrid olunma prosesinin tezliklə əhalinin müxtəlif sosial təbəqələrini də Kremlin savaş siyasətinə qarşı yönəldə biləcəyi istisna olmadığından daha ağır dövrün hələ irəlidə olduğunu ehtimal etmək olar. Və həmin dövrün Rusiya üçün sosial-iqtisadi intihar mərhələsi ola biləcəyi də qətiyyən istisna deyil".

SİTAT.İNFO



Xəbər xətti