Rusiya- Çin əməkdaşlığı güclənir: Qloballaşma sürətlənir

12:36 27 Mart 2023

Rusiya Prezidenti Vladimir Putin yerli telekanallara müsahibəsində Çinlə hərbi əməkdaşlığın inkişaf etdirildiyini bildirib. Lakin onun sözlərinə görə, bu, hərbi ittifaq deyil. 
O bildirib ki, bu əməkdaşlıq Qərb üçün təhlükə deyil: “Doğrudur, bizim Çinlə hərbi əməkdaşlığımız var. Amma burada gizli bir məsələ yoxdur, hər şey məlumdur”.


 Moskva ilə Pekin arasındakı əməkdaşlıq son zamanlar güclənməkdədir. Bunun əsas səbəbi Qərbin hər iki ölkəyə artan təzyiqləridir. 
 Ukraynadakı müharibədə resursları tədricən tükənən Rusiya üçün ən uyğun silah təminatçısı, şübhəsiz ki, Çindir. Bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonin Çinə səfəri, ardınca Çin lideri Si Cinpinin Moskvada Putinlə görüşməsi məhz tərəflər arasında güclənən əməkdaşlıq kontekstində qiymətləndirilməlidir.  

 Əvvəllər də dediyimiz kimi, yəqin ki, Çin silahları birbaşa yox, Belarus vasitəsilə Rusiyaya ötürəcək. Bu hər iki tərəfi Qərbin təzyiqlərindən qorumaqla yanaşı, eyni zamanda Lukaşenkonu Putinin “qəzəbindən qoruya bilər”. 


 Putin Çinlə hərbi əməkdaşlığı dana bilməzdi. Hər halda bu əməkdaşlığa dair konkret faktlar var. Üstəgəl, Kreml rəhbərinin sözügedən cəhdləri Pekinlə münasibətlərə də təsir edə bilərdi. Bu mənada Rusiya dövlət başçısının həqiqəti söyləməkdən başqa yolu yox idi. 


 O, hərbi əməkdaşlığın kimsə üçün təhdid olmadığını söyləməklə Qərbə demək istəyib ki, narahatlığa ehtiyac yoxdur. Bundan başqa, yəqin, Kreml rəhbərinin fikirlərini “Çinlə əməkdaşlığa məcburdur, təəccüblənməyin” kimi də oxumaq olar. 


 Putin digər dövlətlərlə hərbi əməkdaşlığı xatırlatmaqla sanki Çinl əlaqələrin şişirdilməməsinə çalışıb. O göstərmək istəyib ki, Pekinlə əlaqələr digər dövlətlərlə olduğu kimi. 
 Eyni zamanda Rusiya dövlət başçısı digər dövlətlərlə də əlaqələrinin olduğuna, bir çoxunun iddia etdiyi kimi dünyadan təcrid olunmadığına, tərəfdaşının ancaq Çin olmadığına işarə vurmaq istəyib. 
 Yəqin ki, Çinlə Rusiya arasındakı əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq gələcəkdə daha da güclənəcək. Bu isə dünyada qütbləşmə prosesini sürətləndirəcək. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti