Ermənilər indi silah-sursatı bu yolla daşıyacaqlar - Politoloq hədəf göstərdi...

15:08 27 Mart 2023

"Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan keçən torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtacağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi: "Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı".

Politoloq vurğuladı ki, ermənilər yenidən Laçın yolundan hərbi texnika keçirməyə çalışacaqlar: "Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır".

Nərgiz,

Sitat.info



Xəbər xətti