"Həlledici savaşa hazır olmalıyıq" - Natiq Cəfərli

17:10 27 Mart 2023

"Sülhməramlıları 2 il ərzində Qarabağdan çıxartmaq Azərbaycan  dövlətinin ən ümdə vəzifəsidir. Çünki ruslar getməsə bu bölgədə sakitlik mümkün deyil. Onların əsas məqsədi bölgədə gərginliyin qalmasıdır, getdikcə alovlansın və bunlara  hər zaman ehtiyac yaransın. Buna görə də, Azərbaycan Ordusunun artdığı addımlar doğrudur. Sentyabrdakı əməliyyatlardan sonra Azərbaycan hökuməti yaxşı nəticə çıxartdı. Çünki o zaman gec məlumat ötürməyə başladı və haqsız duruma düşdük. Ermənilər informasiya məsələsində qabağa düşdülər. Bu dəfə isə nəticə çıxartmışıq və dərhal videogörüntülər yayıldı, bəyanatlar səsləndirildi. İndi erməni saytları müdafiəyə keçib. Ötən dəfə isə onlar hücumda idi , biz müdafiə olunurduq. Bu dəfə biz  informasiya hücumunda qabağa keçdik, ermənilər müdafiə olunur".

Sitat.info xəbər verir ki, Real Partiyasının icraçı katibi Natiq Cəfərli Reaksiya TV-nin efirində deyib. 

N.Cəfərli vurğuladı ki, müharibə təkcə silahla aparılmır, bunun informasiya tərəfi, ideoloji tərəfi də olur: "Biz artıq öz Çanaqqalamıza yaxınlaşırıq. Həlledici savaşa hazır olmalıyıq. Həlledici savaş isə təkcə top-tüfənglə olmur, bunun informasiya tərəfi, ideoloji tərəfi də olur, geostrateji tərəfi də olur.  Strateji seçim etmək imkanımız da daralır. Strateji seçim o idi ki, biz Rusiya ilə qonşuluq münasibətlərini saxladıq, sanksiyalara qoşulmadıq, bəzi məsələlərdə Rusiyanın maraqlarını nəzərə aldıq. 2 milyon soydaşımızın yaşadığı qonşumuzdur. Amma alınmır, Rusiya başa düşmür".

Ekspert qeyd etdi ki, Rusiya yumşaq dili, mədəni münasibəti başa düşmür: "Artıq strateji, geosiyasi seçim zamanı çatır. Doğrudur xarici siyasətdə sərt döngələr etmək olmaz, ancaq istiqamətimizi bəlli etməyin zamanıdır. Addım-addım bu proses getməlidir. Haqlı olduğumuz durumda bizi haqsız duruma salmağa çalışan Rusiya , Ermənistan və İrana qarşı qalxanımızı gücləndirməliyik". 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti