"İranın Azərbaycana qarşı hərbi təhdidləri müsbət nəticə verməyəcək. İranın Azərbaycanla sərhəddə ordu birləşmələri, xüsusilə SEPAH quru qoşunlarının cəmləşdirməsi Azərbaycana "əzələ" nümayişidir. İran bu hərbi hərəkətliliyi ilə Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına qarşı bir mövqe ortaya qoyub".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, İran Azərbaycana qarşı bu siyasətini təkbaşına etmir və bu prosesdə Moskva Tehran rejiminə dəstək verir: "Çünki, Rusiya "Zəngəzur" dəhlizinin açılmasına qarşıdır. Çünki, Rusiya ərazisindən Avropaya daşınan yüklər "Orta dəhliz' vasitəsilə Azərbaycan üzərindən keçəcək. Ona görə də Moskva və Tehran yekdil mövqe ortaya qoyub. Rusiya proseslərin pərdəarxasında, İran isə tam sahədədir".
M.Əsədullazadə vurğuladı ki, Azərbaycan "Zəngəzur" dəhlizini güc yolu ilə açmayacaq: "Laçın" dəhlizində Ermənistanla sərhəddə Nəzarət Buraxılış məntəqəsi qoyduqdan sonra, Ermənistan məcbur qalıb, Azərbaycanla münasibətləri normallaşdırmağa gedəcək. Belə olan təqdirdə, Ermənistan rəhbərliyi Qərbin təzyiqləri fonunda Zəngəzur dəhlizinin açılmasına gedəcək. Bundan sonra, İranın hər-hansı bir hərbi təzyiq siyasəti fiaskoya uğrayacaq".
Politoloq hesab edir ki, ümumiyyətlə, Tehran rejiminin birbaşa Azərbaycanla hərbi toqquşmaya getməsi gözlənilmir: "Amma, proseslər hərbi müstəviyə keçərdisə, İran məhz Ermənistanla birgə Zəngəzurda hərəkət edə bilərdi. Buna da Azərbaycan şərait yaratmayacaq. İranın hazırkı siyasəti Azərbaycanla əlaqələrinə zərbə vurdu. Bundan sonra İran Azərbaycan əlaqələrində hər-hansı bir müsbət tendensiyanın yaşanması əleyhimizə işləyə bilər. Azərbaycan Respublikası Güney Azərbaycan məsələsində prinsipial siyasət ortaya qoyaraq oradakı soydaşlarımızın istiqlaliyyətinə dəstək verməlidir".
Nərgiz,
Sitat.info