Məhkəmə Hakimiyyətinə İNAM yaratmaq üçün təkcə sədrin adı yetərli deyil - Natiq Cəfərlidən MARAQLI ŞƏRH

15:21 3 Aprel 2023

"Azərbaycanda siyasi iradə, hökumətin istəyi olsa ən tez və effektiv islahat hakimiyyətin məhkəmə qolunda aparmaq olar. Bu haqda dəfələrlə yazıb-danışmışıq, yanaşma belə olmalıdır: Məhkəmə Hakimiyyətində islahatlar ən yuxarı instansiyadan – Ali Məhkəmədən başlamalıdır. ilk bu qurumda ədalətli qərarvermə mexanizmi yaradılandan sonra aşağı instansiyalardan Ali Məhkəməyə daxil olan ədalətsiz qərarlar pozulub ilkin instansiyalara qaytarılacaq. Rayon (şəhər) məhkəmələrində rüşvətlə, tapşırıqla qərarların verilməsinin mənası qalmayacaq. Yəni, əgər Ali Məhkəmə hüququn üstünlüyünü əsas götürüb ədalətsiz qərarları pozacaqsa, aşağı instansiyalara heç kim rüşvət verməyəcək, heç kim qərara müdaxilələr üçün zəng etməyəcək – bir daha, bunun üçün siyasi iradə olmalıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, ölkədə Məhkəmə hakimiyyətində hakimlərin ümumi ştat sayı 800 olsa da, indi (sonuncu məlumat belə idi) 562 hakim fəaliyyət göstərir: "Ali Məhkəmədə 41, apellyasiya məhkəmələrində 132, inzibati-iqtisadi məhkəmələrində 39, hərbi məhkəmələrdə 23, ağır cinayətlər məhkəmələrində 50 və rayon (şəhər) məhkəmələrində isə 277 hakim işləyir.

Ali Məhkəməyə Sədr və 41 hakim ədalətli və müstəqil qərar verən insanlar təyin edilsə alt məhkəmə qərarlarında avtomatiq dəyişikliklər olacaq – rüşvət və zəng mənasızlaşacaq".

N.Cəfərli əlavə etdi ki, hakimlərin sayı azdır: "Say artırılmalıdır, maaşları da çox yüksək olmalı, sistem kökündən ədalət üzərinə inşa edilməlidir. Çünki, ədalətli məhkəmə sistemi olmasa rəqabətli iqtisadiyyat və rifah da olmayacaq. Məlumatlara görə İnam Kərimov Ali Məhkəmənin sədri vəzifəsinə gətirilir. Yaxşı təhsilli hüquqşünas və bacarıqlı menecerdir – siyasi iradə olsa, ədalətli Ali Məhkəmə Sədri də ola bilər. Yəni, Məhkəmə Hakimiyyətinə İNAM yaratmaq üçün bir tək sədrin adı yetərli deyil, alınacaq qərarlar da önəmli olacaq". 

Nərgiz,

Sitat.info



Xəbər xətti