Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Sitat.info” Baku TV-yə istinadən xəbər verir ki, Birinci Nügədi kənd sakini olan 47 yaşlı Aygün Mustafayevanın ibtidai sinif müəllimi kimi çalışdığı İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyev onun direktor müavininə hücum etdiyini deyib: “Məktəbin tədris işləri üzrə direktor müavini Sara Nağıyeva öz əmək funksiyasını yerinə yetirərkən Aygün Mirzəağa qızı Mustafayevanın dərs dediyi ibtidai sinfə daxil olub ki, dərsi dinləsin, sinfin vəziyyəti ilə maraqlansın. Bu zaman Aygün Mustafayeva onu təhqir edərək sinifdən çıxmasını tələb edib. Həmçinin direktor müavinini küncə sıxaraq boğmağa cəhd edib, onun boyunbağısını qırıb”.
V.İmaməliyev bildirib ki, bundan sonra da A.Mustafayeva intizamsız hərəkətlərini davam etdirib: “Biz bununla əlaqədar Pedoqoji Şuranın iclasını keçirdik. A.Mustafayeva əmək intizamını dəfələrlə kobud şəkildə pozub. Bu səbəbdən ona şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq, töhmət verilib”.
O da məlum olub ki, hadisələrdən sonra A.Mustafayeva adi qaydada işinə davam edir. O, müsahibə verməkdən imtina edib.
Xatırladaq ki, müəllimlə direktor müavini arasındakı insidentdən sonra Aygün Mustafayeva barəsində polisə şikayət edilib. Bundan sonra Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində martın 31-də Aygün Mustafayeva polis şöbəsinə dəvət edilib. Polisə izahat vermək istəməyən müəllim yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.