Ukrayna müdafiə naziri Oliksiy Reznikov bildirib ki, müdafiə qüvvələri əks- hücum əməliyyatlarına hazırlaşır. Onun sözlərinə görə, əks- hücum əməliyyatlarının əsas istiqaməti müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmaqdır.
Reznikov, həmçinin əks - hücum əməliyyatlarının dəqiq tarixini açıqlayıb. Nazir bildirib ki, hava şəraitindən asılı olaraq bu barədə yekun qərarı Ukrayna Baş Qərargahı verəcək.
Reznikov daha əvvəl söyləmişdi ki, əks- hücum əməliyyatlarının aprel - may ayında keçirilməsi nəzərdə tutulur.
Ukrayna Prezidenti Volodimir Zelenski də ehtimal edilən anti - terror əməliyyatının anonsunu vermişdi.
Qərb ölkələri Ukraynaya ağır texnikalar, o cümlədən tanklar tədarük etməyə davam edirlər. Zelenski dünən Polşaya səfərində də həmkarı Andjey Duda ilə ölkəsinin müdafiə imkanları barədə müzakirə apardı. Liderlər Ukraynaya dəstəyin davam etdirilməsinə dair razılığa gəldilər. Bu, ehtimal edilən əks- hücum əməliyyatlarına hazırlıq kimi qiymətləndirilə bilər.
Sözsüz ki, xüsusilə tankların rahat hərəkəti üçün uyğun iqlim şəraitinin seçilməsi əsas şərtdir. Adətən ağır texnikaların effektli hücumundan ötrü, ya yerin buz bağlaması, ya da qarın tamamilə əriməsi üçün gözləmək lazım gəlir. Yəqin ki, Ukrayna Sikahli Qüvvələri də məhz belə bir vaxtın yetişməsini gözləyir.
Əlbəttə, əks- hücum əməliyyatları üçün gecikmək olmaz. Çünki vaxt itkisi Rusiya qoşunlarının cəbhədə uğur qazanması deməkdir. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Rusiya ordusunda artıq ikitirəlik var. Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" muzdlu hərbi təşkilatı arasında ziddiyət hökm sürür. Ola bilsin, Ukrayna tərəfi bu ziddiyətin daha da dərinləşməyini gözləyir. Çünki ordudakı ikitirəlik əməliyyatların effektivliyinin azaldır.
Reznikov onu da deyib ki, heç bir halda Rusiya ilə sülh müqaviləsi imzalanmayacaq və bu il qələbə ili olacaq. Doğrudur, belə bir bəyanat ilk növbədə psixoloji müharibənin komponenti kimi qiymətləndirilməlidir. Nazir sözügedən açıqlaması ilə qarşı tərəfə, o cümlədən Rusiya xalqına psixikoloji təsir göstərmək və Ukrayna əhalisindəki özünəinamı qoruyub saxlamaq istəyib.
Bununla belə, Reznikovun dedikləri həm də rəsmi Kiyevin özünə inamı kimi qiymətləndirilə bilər. Nazirin sözlərinin manipulyasiya xarakterli olduğunu istisna etsək, bildirməliyik ki, Ukrayna əks- hücum əməliyyatlarına başlamaqda qərarlıdır. Əgər Reznikovun əvvəllər də dediyi kimi, əməliyyatlar maya kimi başlayarsa, onda ilin sonunadək Rusiya qoşunlarının işğal altındakı xeyli ərazidən təmizlənməsi mümkündür. Hərçənd bunun üçün Qərbin Ukraynaya güclü dəstəyi lazım gələcək.
Məlum olduğu kimi, təxminən yarım ildir ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirib. Hətta "Vaqner" muzdlu hərbi təşkilatının rəhbərliyi Baxmutun ələ keçirilməsi ilə bağlı bu günlərdə məlumat yaymışdı. Rusiya Müdafiə Nazirliyi hələ ki, məlumatı təsdiq etməyib.
Ukrayna tərəfinin iddialarına görə isə, şəhərdə gərgin döyüşlər gedir və döyüş şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hansı tərəfinin məlumatının daha dəqiq olduğu bilinmir. Amma sözügedən ərazidə vəziyyətin mürəkkəb olduğu aydındır. Ehtimal edilən əks- hücuma qədər şəhər təslim olmasa, əməliyyatların məhz Baxmutdan başlana biləcəyi mümkündür. Beləliklə, Ukrayna Rusiya tərəfinə ciddi itkilər vərə bilər.
Ümumiyyətlə, Baxmut Ukrayna üçün prioritet olmalıdır. Bəlkə də, müharibənin taleyi məhz orada həll olunacaq.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün...