Avropa Rusiyanın enerji asılılığından çıxmağa çalışır: Alternativlər arasında Azərbaycan da var

19:59 12 Mart 2022

"ABŞ, Kanada, Böyük Britaniyadan sonra Almaniya da Rusiyanın enerji idxalından asılılığın aradan qaldırılması istiqamətində fəaliyyətini intensivləşdirir. Belə ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habek “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində ölkənin Rusiya enerji mənbələrindən imtinasının vaxtı barədə danışıb. O deyib ki, “biz Rusiya nefti, kömür və qazından asılılığımızı azaltmaq üçün hər gün çalışırıq. Hər gün, əslində hər saat Rusiya idxalından bir addım uzaqlaşırıq. Əgər bu, alınarsa, o zaman payızda biz Rusiya kömüründən, ilin sonuna kimi isə neftdən, demək olar ki, müstəqil olacağıq

Qeyd edim ki, ekspertlər Almaniya üçün alternativ karbohidrogen tədarükçüləri kimi Böyük Britaniya, Norveç və Hollandiyanı qeyd edirlər".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim   Qubad İbadoğlu deyib. 

O bildirib ki, bütövlükdə Avropa üçün alternativ mənbələr arasında ABŞ, Qətər, Liviya və Azərbaycanın adı hallanır: "Bununla yanaşı. ABŞ-ın Venesuela və İranla danışıq apardığı da iddia olunur. 

Qeyd edim ki, qısa müddətdə alternativlər tapmaq və onları Avropa bazarında səfərbər etmək mümkün deyildir. Liviyanın neft və qaz naziri Məhəmməd Aun bildirib ki, ölkə yalnız 5-7 ildən sonra Avropa üçün Rusiya neftini əvəz edə biləcək. Azərbaycana gəlincə, bu il Avropa bazarına 9 milyard kub metr qaz göndərəcək ki, bu da Avropa qaz idxalının 2 faizi, qaza cəmi tələbatının 1,5 faizi qədərdir. Azərbaycanın yaxın illərdə Avropaya qaz tədarükünü 10-13 milyard kub metrə qədər artırmaq imkanı vardır. 2030-cu ilədək Azərbaycanın Avropaya qaz ixracı 18-20 milyard kub metrə qədər arta bilər ki, bu da Avropanın qaz idxalının 4 faizi deməkdir. Lakin bunun üçün TAP kəmərinin ötürücülük qabliyyəti 2 dəfə artırlmaldır ki, bu da əlavə sərmayələr və zaman tələb edir".

SİTAT.İNFO



Xəbər xətti