"İranın bütün cəhdləri öz daxili problemləri ilə bağlıdır. Süni surətdə orada Ermənistanla qardaşlıq məsələsi qaldırılır. Bu gün erməni mediasında xəbər yayılıb ki, İran XİN rəhbəri Fransa xarici işlər naziri ilə danışdıqdan sonra Ermənistan xarici işlər nazirinə bu barədə məlumat verib. Açıq şəkildə görünür ki, İran - Ermənistan -Fransa ittifaqı yaranır və bu Azərbaycan-Türkiyə-İsrail ittifaqına qarşıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, sözügedən üçlük Rusiyanı qıraqda qoyub: "Rusiyanın baş Ukraynada qarışıqdır və Cənubi Qafqazda Rusiyanı əvəz edən güc kimi bu ittifaqı yaradıblar, erməniləri bu siyasətdə istifadə edirlər.
Partiya sədri hesab edir ki, İran -Azərbaycan münasibətlərində Ermənistan və İsrail məsələsi əslində bəhanədir: "Azərbaycandan başqa nə qədər müsəlman ölkəsi var ki, İsraildə səfirliyi var. İran o dövlətlərin heç birinə qıcıq göstərmir. Türkiyə, İordaniya, Misir, Səudiyyə Ərəbistanı və digərlərinin də orada səfirliyi var. Azərbaycan İsraildə səfirlik açan yeganə müsəlman dövləti deyil. Digər tərəfdən də bu bizim daxili işimizdir, İrana nə aidiyyatı var".
Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyinə gəlincə, S.Cəlaloğlu bildirdi ki, burada Tehranın yeganə istəyi son nəticədə dəhlizdə daha böyük pay ala bilməkdir: "Ayının min oyunu var, bir armudun başında məsələsində olduğu kimi, İranın da bütün bu qıcıqlarının , təxribatlarının səbəbi Zəngəzur dəhlizində söz sahiblərindən biri olmaq, nəzarəti həyata keçirməkdir. Çünki Avropanın, elə İsrailin də yükləri o yolla daşınacaq. Eləcə də maddi marağı var ki, iqtisadi baxımdan hansısa səmərə götürsün".
Nərgiz,
Sitat.info