Ermənistanda saxlanılan hərbçimiz Hüseyn Axundovun işgəncəyə məruz qalması ilə bağlı görüntülərin sosial şəbəkədə yayılması Azərbaycan ictimaiyyətində hiddə doğurmaqla yanaşı sual da yaradıb. Ermənilər bununla nə demək istəyib?
Bu mövzuda Sitat.info-ya danışan hərbi ekspert Alparslan İmamqulu bildirib ki, bu sadəcə erməni tərəfində kimlərinsə naşılığı səbəbindən sosial şəbəkələrə düşüb: "Xatırlayırsınızsa, bizim hərbçilərdən də naşılığı səbəbindən belə videolar yayılmışdı. İndi də ermənilərdən kimsə bunu edib. Əks halda bu heç də ermənilərin xeyrinə deyil. Orada əks olunan görüntülərdə hər bir element bir hərb cinayətidir. Bu əldən-ələ təsadüfən yayılan görüntülərdir".
Əsir düşmüş iki hərbçimizlə bağlı Azərbaycanın atacağı addımlara gəlincə, A.İmamqulu bildirdi ki, bu əsirlərin dəyişdirilməsi şəklində ola bilər: "Əvvəllər bizim də əlimizdə erməni əsirlər olub və adətən belə halda əsirlərin dəyişdirilməsi həyata keçirilir. İndiki halda da ya əlimizdə əsirlər var, ya da olacaq. Hər iki əsgərimiz onlardan mütləq geri alınmalıdır".
Nərgiz,
Sitat.info