"İranda da, Rusiyada da, Ermənistanda da elə bir fikir yaranıb ki, zəlzələdən sonra qardaş Türkiyənin başı özünə çox qarışıb. Həqiqətən də Türkiyə tarixin ən dəhşətli zəlzələsini yaşadı, 50 mindən çox vətəndaşını itirdi, 10 şəhər yerlə yeksan oldu. Eyni zamanda seçki sürəcinə daxil olub. Çox güman ki, prezident seçkiləri mayın sonunda ikinci turda yekunlaşacaq. Türkiyənin başı özünə qarışıb fikrinin artması bizim düşmənlərimizi aktivləşdirib. İranın, Ermənistan və Rusiyanın davranışlarından aqressivliyin artmasının səbəblərindən biri də budur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Türkiyədə hakimiyyət necə dəyişirsə dəyişsin, rəhbərlikdə kim olursa olsun, Azərbaycan -Türkiyə müttəfiqliyi davam edəcək: " Doğrudur dinamikada müəyyən zəifləmə ola bilər. Buna hazır olmalıyıq. Ərdoğan qalsa da, getsə də, bir müddət Türkiyənin daxili problemləri öndə olacaq. İqtisadi problemlər artır, inflyasiya sürətlənir, bahalaşma güclənir, milyonlarla insan çadırlardadır, onlara evlər tikilməlidir. Türkiyəyə bu problemdən çıxmaq üçün 100 milyard dollar pul lazımdır. Bu böyük rəqəmdir. Seçkinin nəticəsindən asılı olmayaraq, çətinliklər olacaq".
N.Cəfərli hesab edir ki, yeni hökumət gələrsə, vəziyyət daha mürəkkəb olacaq: "Ancaq yeni hökumət gələrsə, onlar özünütəsdiq üçün daxili problemlərə daha çox fokuslanacaqlar. Daxili siyasətə daha çox üstünlük verəcəklər. Ancaq MDB dövlətlərindən fərqli olaraq Türkiyənin oturuşmuş dövlət institutları var. Müxalifət də buraya daxildir. Bu dövlət institutlarının gücü var ki, ölkə təkcə içinə qapanıb, bu günə kimi Türkiyənin apardığı regional güc olma siyasətindən vaz keməsin".
Nərgiz,
Sitat.info