"İran Azərbaycanla bağlı mövqeyində dəyişiklik etməyib. Xarici işlər nazirlərinin üç dəfə telefon danışıqları və ötən gün SEPAH generalının Azərbaycanla müharibə istəmirik kimi açıqlamasına rəğmən Tehran rejimi böhranı davam etdirir. Qeyd edim ki, Türkiyə və İran prezidentləri arasında telefon danışığından sonra Tehran rejimi xarici işlər naziri səviyyədə telefon danışıqlarına getdi.
Göründüyü kimi Türkiyə bu məsələdə Azərbaycanı müdafiə edib, rəsmi Bakı ilə danışıqlara getmək üçün mövqeyini ortaya qoyub. Amma, SEPAH mövqeyində dəyişiklik etməyərək informasiya kəşfiyyat və hibrid müharibəsini davam etdirir".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə. İran rejimi 3+3 platforması istiqamətində əməkdaşlığın yaradılması və görüşlərin keçirilməsində maraqlıdır: "Çalışır ki, iqtisadi sanksiyalar səbəbindən yeni bir formatla iqtisadi imkanlarını genişləndirsin. Həmçinin regionda mövqeyini qoruyub saxlasın. Amma, hazırkı siyasətlə Tehran rejiminin bu format çərçivəsində Azərbaycanla əlaqələri normallaşması mümkün deyil. Çünki, İran rejimi Zəngəzurla bağlı mövqeyində dəyişiklik etməyib, Azərbaycana qarşı hərbi ritorikanı davam etdirir".
Politoloq vurğuladı ki, İranın Azərbaycandan istəyi aşağıdakı kimi təsnif olunur: "Birinci, Azərbaycandan İsraillə əməkdaşlığa son vermək. İkinci, "Zəngəzur" dəhlizinin açılmasından imtina etmək. Üçüncü, Türkiyə ilə əlaqələri aşağı salmağı istəyir. Dördüncü, Tehranın siyasətini nəzərə almaq . Ona görə də Tehran rejimi ilə Azərbaycan arasında normallaşma prosesi gözlənilmir. Tehran rejimi öz tələblərini geri çevirəcəksə, proseslər müsbətə doğru addımlaya bilər. Amma, hakim siyasi elitaya təsir gücünü saxlayan SEPAH Azərbaycana qarşı terror və hibrid müharibə siyasətini davam etdirir".
M.Əsədullazadənin fikrincə, Tehran rejiminin davam etdirdiyi ritorika təkcə Azərbaycanı deyil, Ankaranın region siyasətini də təhdid edir: "Regionda formalaşan siyasi nizami dəyişmək üçün Tehran Ermənistana öz proksi qüvvələrini ata bilər".