"Prezident İlham Əliyevin açıqlamalarının təbiəti göstərir ki, iki cəbhə üzrə aktivlik gözlənilir. Birinci: Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziləri üzrə fəaliyyət planını genişləndirir. Gözlənilir ki, yaxın gələcəkdə Qarabağda bir sıra hadisə baş verəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, Ordumuz kəşfiyyat-nəzarət işlərini gücləndirəcək: "Ona vurğu etmirik ki, mütləq şəkildə hərbi əməliyyat olacaq. Lakin Azərbaycan fəaliyyətindəki istiqamətləri daha da irəliyə aparmaq üçün siyasi kanallarda xeyli yeni arqument səsləndirəcək, paralel olaraq kəşfiyyat-nəzarət imkanlarını genişləndirəcək. Buna görə də separatçılar bir qədər də düşünməlidir, yoxsa, onların aqibəti heç gözləmədikləri və təsəvvür etmədikləri şəkildə yekunlaşa bilər".
A.Kərimovun fikrincə, Əliyevin çıxışındakı sərt ritorika belə deməyə əsas verir ki, Azərbaycan Laçın yolunda postun qurulması üçün xeyli irəliləyiş əldə edib və müəyyən səbəblərlə onu açıqlamır: "İkinci istiqamət Azərbaycan-Ermənistan sərhədboyu ərazilərlə əlaqəlidir. Əliyev bu mövqeyini “Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər” deməklə göstərir. Azərbaycanın sərhədlərlə bağlı planı genişmiqyaslıdır, lakin Ermənistan bu tələblərə cavab vermir. Ermənistanın baş naziri Nikol Paşinyan isə tez-tez ölkəsinin ərazisinin 29.8 min kvadratkilometr olduğunu xatırlatmaqla bir növ Azərbaycanın mümkün əməliyyatlarına qarşı dəstək axtarır. Proqnozlaşdırıram ki, perspektivdə Qarabağda və sərhəddə səs-küylü hadisələr olacaq. Çünki Əliyevin bayraqla bağlı ifadəsi çox böyük hədəflərdən xəbər verir".
Nərgiz,
Sitat.info