İranın Azərbaycanla sərhəddə yerləşdirdiyi radar sistemləri Ermənistana işləyəcək - VACİB ŞƏRH

17:03 19 Aprel 2023

"İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib. SEPAH-ın Qüds qanadına bağlı teleqram kanalı məlumatı bu qeydlə yayımlayıb: “İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə. İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. 

O vurğulayıb ki, Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi: "Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması ilə müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür.

Burada diqqətçəkən bir neçə məqa var:

Birincisi, radarlarla bağlı məlumatın niyə bu gün tirajlanmasıdır;".

A.Nərimanlı əlavə edib ki, Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin bu gün Bakıya səfəri də cəbubda narahatlıqla izlənilir: " Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması “Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır” iddiasından əl çəkməyən İranın “güc nümayişi” sərgiləməsi kimi başa düşülə bilər". 

Siyasi şərhçi hesab edir ki, ikincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir: "İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir".

Sitat.info



Xəbər xətti